15/11/2019 11:07

Sərhədboyu ərazilərdə gizlədilən odlu silahlar aşkarlanıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olunması üzrə həyata keçirilən əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilən odlu silahlar aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağs­tafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qarayazı” Dövlət Meşə qoruğunda kolların arasında gizlədilən halda 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron aşkar edilib.

Bundan başqa “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayonunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında gizlədilən istifadəyə yararlı 1 ədəd 1960-cı il istehsalı olan “TOZ-8” markalı yivli silah aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.