20/06/2019 11:05

Sərhədçi Eltun İsgəndərovun xatirəsi anılıb

Sərhədçi Eltun Xaləddin oğlu İsgəndərovun anım gününün 10 illiyi ilə əlaqədar olaraq qəhrəmanın anadan olduğu Samux rayonunun Əhmədbəyli kəndində mərasim keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, mərasimdən öncə Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətnin hərbi qulluqçuları, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qəhrəmanın doğmaları şəhid sərhədçinin məzarını ziyarət ediblər.

Daha sonra tədbir Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun adı verilmiş Əhmədbəyli kənd tam orta məktəbində qəhrəmanın əksi olan xatirə lövhəsinin açılışı ilə davam etdirilib.

Mərasimdə çıxış edənlər bildirib ki, Eltun İsgəndərov 2009-cu ilin iyun ayının 18-də Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində bir qrup şəxsin dövlət sərhədini Azərbaycandan İran istiqamətində qanunsuz olaraq keçməyə cəhd göstərməsinin qarşısının alınması zamanı şəxsi şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Vətənin təhlükəsizliyinin təmin olunması kimi şərəfli bir vəzifəni yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Eltun İsgəndərovun keçdiyi xidmət yolundan, dövlət sərhədinin mühafizəsi zamanı göstərdiyi hünərdən söz açılıb və onun bu şücaətinin gənc nəslə örnək olduğu xüsusi olaraq vurğulanıb.

Milli Qəhrəmanın atası Xaləddin İsgəndərov oğlu ilə fəxr etməsini, Azərbaycanda Eltun kimi oğulların sayının on minlərlə olduğunu qeyd edərək Azərbaycan Prezidenti İlham Əliyevə şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirən şəxslərə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə öz ailəsi adından minnətdarlığını bildirib.

Tədbirin sonunda məktəblilər tərəfindən respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edilmiş bədii kompozisiya nümayiş etdirilib.