20/07/2018 15:03

“Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsi başa çatıb – FOTO

İyulun 19-da “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsinin baş çatması ilə əlaqədar təntənəli mərasim keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Nəsimi rayon icra hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri iştirak ediblər. Mərasimdə prezident İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, savadlı və sağlam inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilib, Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynaması vurğulanıb.

Düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif silahlarla, hərbi texnika ilə tanışlıq, silahların sökülməsi və yığılması, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastava­sına müşayiət edilməsi mövzusunda məşğələlər, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələləri və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı, səmərəli və yaddaqalan edib.

Qeyd edək ki, 11-19 iyul tarixlərində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastava­sının bazasında Bakı şəhərinin Nəsimi rayonu orta məktəblərinin 7-10-cu sinif şagirdləri üçün “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsi təşkil olunub.