19/07/2019 14:24

Sərhədçilər dənizdə batma təhlükəsi ilə üzləşən şəxsləri xilas ediblər

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin əməkdaşları tərəfindən dənizdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX-nin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “VE-396” bort nömrəli “Yamaha – 48” tipli qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin mühafizəsində olan DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş vermiş koordinatlara istiqamət götürüb. Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə qayıq aşkar olunub və heyət üzvləri xilas olunaraq sahilə çıxarılıblar.