27/02/2017 16:11

Sərhədçilər Lənkəranda tank əleyhinə mina aşkar ediblər

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) sahil nəzarəti məntəqələri müvafiq tədbirlərin həyata keçirilməsi üzrə fəaliyyətlərini davam etdirirlər.

DSX-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, bu gün saat 08:00 və 09:15 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonunun Liman qəsəbəsi ərazisindəki sahil nəzarəti məntəqəsinin sərhəd naryadı tərəfindən əraziyə baxış zamanı 2 ədəd TM-62 markalı tank əleyhinə mina aşkar olunub.

Minaların tapılması barədə Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə məlumat verilib.

Məlumatda o da qeyd olunub ki, hazırda ərazidə mühafizə təşkil olunur və həmin istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir.

****

Bu gün Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonunun Liman qəsəbəsi ərazisindəki sahil nəzarəti məntəqəsinin sərhəd naryadı tərəfindən sahilboyu ərazidə aparılmış axtarış tədbirləri nəticəsində daha 2 ədəd TM-62 markalı tank əleyhinə mina aşkar olunub.

Ümumilikdə 4 ədəd tank əleyhinə minaların tapılması barədə Fövqəladə Hallar Nazirliyi və ANAMA-ya məlumat verilib.

Ərazidə mühafizə təşkil olunur və həmin istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir.