30/06/2017 12:51

Sərhədçilər Xəzərdə həyatları təhlükə altında olan balıqçıları xilas ediblər

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycana mənsub bölməsində bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmərlərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa qarşı mübarizə üzrə vəzifələrini layiqincə yerinə yetirməklə yanaşı, dənizəçıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirir.

Xidmətin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, iyun 29-da saat 13:30 radələrində DSX-nin Sahil Mühafizəsinin növbətçi gəmisi tərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizəçıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilib.

Görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar Bakı şəhər Xəzər rayonu Türkan qəsəbə sakinləri 1977-ci ildətəvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və 1974-ci il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas edilib.

Xilas edilən balıqçılara ilkin tibbi yardım göstərilib, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb.