17/07/2018 11:35

Sərhədçilərin köməkliyi ilə Fizuli sakininin həyatı xilas edilib

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının köməkliyi ilə Fizuli rayonu sakininin həyatı xilas edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, iyulun 15-də Fizuli rayonunun Alıxanlı kənd sakini 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sancıb və təcili olaraq rayon xəstəxanasına gətirilib.

E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zərdabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olunub.

Müraciətə dərhal reaksiya verilib, şəxsi heyətin ilan sancması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb və vətəndaşın həyatı xilas edilib.