21/03/2019 10:36

Sərhəddə tarixi hadisə – Azərbaycan və İran sərhədçiləri Novruz bayramını birgə qeyd etdilər – FOTOLAR

Mart ayının 20-dən 21-nə keçən gecə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin birgə iştirakı ilə dövlət sərhədində “Novruz” bayramı münasibətilə bayram tədbiri təşkil olunub.

Bu barədə “AzeriDefece”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Azərbaycan Respublikası və İran İslam Respublikasının dövlət himnlərinin ifasından sonra nümayəndə heyətlərinin rəhbərləri Fəxri Qarovulların önündən keçiblər.

Tədbir çərçivəsində keçirilmiş görüşdə sərhəd təhlükəsizliyinin təminatı, buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə sahəsində yüksək nəticələrin əldə edilməsi məqsədilə sərhəd mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, operativ məlumat mübadiləsinin aparılması, ikitərəfli görüşlərin keçirilməsi üzrə ardıcıl tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tədbir iştirakçılarını təbrik edən general-polkovnik E.Quliyev və general-mayor Q.Rzayi öz çıxışlarında milli-mənəvi dəyərlərə dərin bağlılığı, tarixi-mədəni keçmişə yüksək ehtiramı nümayiş etdirən, bolluq, bərəkət və barış rəmzi olan “Novruz” bayramı münasibətilə ən səmimi arzularını ifadə edib, Azərbaycan və İran sərhədçilərinə müqəddəs sərhədlərin mühafizəsi üzrə şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.

Sonra Azərbaycan və İran sərhədçilərinin döyüş fəaliyyətinə həsr edilmiş sənədli filmlər nümayiş olunub və qarşılıqlı hədiyyələr təqdim edilib.

Bayram tədbiri musiqiçilərin konsert proqramı ilə davam etdirilib və atəşfəşanlıqla yekunlaşıb.

DSX-dən bildirilib ki, son illər ərzində Azərbaycan Dövlət Sərhəd Xidməti ilə İran Sərhəd Qoşunları arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan-İran dövlət sərhədinin mühafizəsinin daha etibarlı təşkilinə yönəlmiş bu əməkdaşlıq çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrindən vətəndaşların və nəqliyyat vasitələrinin keçidinin təkmilləşdirilməsi, sərhəddə baş verən hadisələrin birgə araşdırılması, sərhəd pozma və qaçaqmalçılıq cəhdlərinə qarşı birgə mübarizə aparılması istiqamətində tədbirlər həyata keçirilir.