10/08/2018 19:45

“Sərhədlərimizin keşiyində” mövzusunda müsabiqəsi keçirilib

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ildönümü ərəfəsində bədii ədəbiyyat, təsviri sənət, qəzet məqaləsi və orta məktəb şagirdləri arasında “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqədə 1000 nəfərdən artıq yaradıcı insan, peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlər sırasından ən yaxşıları seçilərək 40 şer, 14 hekayə, 15 qəzet məqaləsi, 68 inşa yazısı və 30 rəsm əsəri müsabiqənin finalına buraxılıb, peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyən edilib.

Avqust ayının 10-da Dövlət Sərhəd Xidməti Akademiyasında Təhsil Nazirliyi, Mətbuat Şurası, Yazıçılar Birliyi və Rəssamlar İttifaqı ilə birgə müsabiqənin yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə dövlətimiz tərəfindən böyük önəm verilməsi, sərhədçilərin fədakar xidmətlərinin təbliği, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanması üçün bu müsabiqənin ciddi əhəmiyyət kəsb etməsi xüsusi vurğulayıblar.

Müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunmuş, müsabiqədə yer tutmuş təsviri sənət nümunələri nümayiş etdirilmişdir. Tədbirin sonunda ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önündə xatirə fotoşəkilləri çəkdirilib.