17/12/2018 13:59

“Şərq” İB-nin 14 adda məmulatı 10-dan artıq ölkəyə ixrac edilib

Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələrini təmin etməklə yanaşı, xarici ölkələrə də ixrac edilir.

“AzeriDefence”nin məlumatına görə, bunu “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov deyib.

İlqar Nəzərov bildirib ki, “Şərq” İstehsalat Birliyinin müəssisə və zavodlarında istehsal olunan 14 adda məmulat 10-dan artıq ölkəyə ixrac edilib. Son ildə ixrac edilmiş məhsulların həcmi əvvəlki illərlə müqayisdə bir neçə dəfə artıb.

“Bu günə qədər müdafiə təyinatlı məhsulları yaradılması və istehsalı məqsədilə aparılan tikinti və yenidənqurma işləri nəticəsində Birliyin müəssisə və zavodlarında 35 istehsal sahəsi yaradılıb. İstehsal sahələrində onlarla müasir texnologiya və 780-dən artıq müxtəlif proqram təyinatı hazırlanaraq quraşdırılıb. Birliyin müəssisə və zavodlarında Azərbaycan Silahlı Qüvvələri və güc strukturlarının müxtəlif növ silah və döyüş sursatlarına olan tələbatının tam təmin etmək imkanına malik istehsal sahələri yaradılaraq istifadəyə verilib”, – deyə baş direktor vurğulayıb.

İlqar Nəzərov bildirib ki, “Şərq” İstehsalat Birliyinin zavod və müəssisələrində yeni innovasiya və texnologiyların tətbiqi nəticəsində istehsalatın proqram və idarə olunan bütün məhsullarının keyfiyyəti artırılıb: “İstehsal prosesinin 60 faizindən çoxu bu mərkəzin üzərinə düşür. Alınan nəticələr gözlənildiyindən də yüksək olub. Bu sahələrdə istehsal həcminin dəfələrlə artırılması imkanı əldə olunub. Gələcəkdə bu sahədə istehsalın daha da yüksək olmasına təkan verəcəkdir. Xüsusi qeyd etmək istərdim ki, bu sahədə işləyən işçilərin 90 faizindən çoxu gənclərdir”.

İlqar Nəzərov qeyd edib ki, hazırda “Şərq” İstehsalat Birliyində Azərbaycanda ilk dəfə olaraq, həssas tökümə sahəsinin yaradılması işləri aparılır: “Bu sahəyə aid bütün avadanlıqlar alınaraq, gətirilib. Ümumi sahəsi 1500 kv.m olan sahədə tikinti quraşdırma işləri başa çatmaq üzrədir. 2019-ci ildə bu sahədə seriyalı istehalın başlaması üzrə işlər aparılacaq. Müəssisələrimizdə istehsal olunan məhsulun keyfiyyəti beynəxalq standartlara cavab verməsi üçün ciddi işlər aparılır. Birliyin tabeliyində olan müəssisələrin məhsulları İSO-90012015 sistemi ilə sertifikatlaşdırılıb. Birlikdə aparılan məqsədyönlü işlət nəticəsində cari ildə istehsal olunan müdafiə təyinatlı məhsulların istehsal həcmi 2007-ci illə müqayisədə 17 dəfə artıb. Çeşidlərin sayı 21 dəfə, işçilərin sayı isə 752 nəfərə qədər artıb”.