20/09/2019 18:26

SETM-in istehsal etdiyi məmulatın Azərbaycan Ordusunda tətbiqinə başlanıb

Müdafiə Nazirliyinin müvafiq dəvət məktubuna əsasən sentyabrın 13-dən 19-dək keçirilmiş hərbi təlimlərdə AMEA Yüksək Texnologiyalar Parkının ərazisində fəaliyyət göstərən Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının növbəti birgə layihəsinin son hazır nümunəsi real ərazi şəraitində istifadə edilib.

Bu barədə “AzeriDefence”yə AMEA Yüksək Texnologiyalar Parkından (YT Park) məlumat verilib.

Maksimal məsafə, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində keçirilən təlimlərdə SETM-in hərbi məmulatı  qarşıya qoyulmuş tələblərə tam cavab verib. Texniki parametrlərinə görə potensial döyüş şəraitində istismar zamanı yüksək nəticələr əldə edilib.

Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən SETM, həmçinin YT Parkın rezidenti “Elm və Texnologiya Parkı” MMC ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının birgə layihələrinin son hazır nümunələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib.