13/01/2018 13:52

Səudiyyə Ərəbistanı İsrailin “Dəmir Qübbə” kompleksinə maraq göstərir

Səudiyyə Ərəbistanı İsrailin “Dəmir Qübbə” (İron Dome) hava hücumundan müdafiə kompleksini satın almağa maraq göstərir.

Bu barədə “AzeriDefence” “Armyrecognition” portalına istinadən xəbər verib.

İsrail və Səudiyyə Ərəbistanı arasında heç bir rəsmi diplomatik əlaqə yoxdur. Lakin, yayılan xəbərlərə görə iki ölkə arasında pərdəarxası diplomatik və kəşfiyyat əməkdaşlığı yaranıb.

Bundan əvvəl Londonda yerləşən “Rai al-Youm” ərəb qəzetində yer alan məqalədə İsrailin Səudiyyə Ərəbistanını Yəməndən atılan raketlərə qarşı “Dəmir Qübbə” kompleksi ilə təmin etməyi təklif etdiyi yazılıb. Təklifin İordaniyanın paytaxtı Amman şəhərində keçirilən görüşdə ABŞ diplomatları tərəfindən göndərildiyi və sonradan rəddedildiyi bildirildi. Rəsmi mənbələr hesabatı təsdiqləməyiblər.

Qeyd edək ki, İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanan “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin effektiv mənzili minimum 4 km, maksimum 70 km-dir. Sistemə quraşdırılan radar sayəsində atılan sursat aşkarlanır və müəyyən edildikdən sonra, sursatın sürətinə görə hansı bölgəni vuracağı hesablanaraq məhv edilir.

İranın “Fars” xəbər agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı həmçinin İsrailin “Rafael” şirkəti tərəfindən tanklar üçün hazırlanmış “Trophy” aktiv müdafiə sistemilə də maraqlanır. Unikallığı ilə fərqlənən “Torphy” sistemi yalnız tankları müdafiə etmir, həm də tankın topunu atəşin mənbəyinə yönəldir. Bununla da ekipaj ona tank əleyhinə raketi buraxmış rəqibi tez məhv edə bilir.