31/08/2013 11:29

Səfər Əbiyev ABŞ-ın Oklahoma Milli Qvardiyasının komandanı ilə görüşüb

Avqustun 30-da müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma ştatı Milli Qvardiyasının komandanı general-mayor Mayls Dirinqi qəbul edib. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüş zamanı müdafiə naziri son illər əməkdaşlığın müxtəlif istiqamətləri üzrə hər iki ölkənin əldə etdiyi müsbət nəticələrdən və bu kontekstdə Oklahoma Milli Qvardiyası ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edib. Mövcud geniş imkanların bu əlaqələri daha da inkişaf etdirməyə əlverişli şərait yaratdığını bildirib.

S. Əbiyev uğurları vurğulamaqla yanaşı sıx əməkdaşlıq məsələlərinin qurulmasında 907-ci düzəlişin göstərdiyi bəzi maneələri də qonağın diqqətinə çatdırıb. Nazirin sözlərinə görə, ABŞ qanunvericiliyinin doğurduğu müəyyən sədlərə baxmayaraq tərəfdaşlığın dərinlişdirilməsi və inkişaf etdirilməsi hər iki ölkənin strateji maraqları çərçivəsindədir.

Müdafiə nazirinin fikirləri ilə razılaşdığını səsləndirən Milli Qvardiyanın komandanı general Dirinq Azərbaycanı ABŞ-ın yaxın dostu kimi dəyərləndirərək onun dünyada strateji ölkəyə çevrildiyini də qeyd edib. Qonaq Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhyaratma missiyasına verdiyi böyük töhfələrə görə Səfər Əbiyevə öz dərin təşəkkürünü bildirib.