30/08/2013 10:23

Səfər Əbiyev Sloveniyaya dəvət olunub

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin avqustun 29-da Sloveniyanın müdafiə naziri Roman Yakiçlə görüşüb. “AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Sloveniya arasında hərbi sahədə əlaqələr müzakirə olunub.

Əlaqələrin son illər inkişaf etdiyini qeyd edən S. Əbiyev iki ölkə arasında imzalanmış hərbi sazişin bu sahədə də əməkdaşlığın tərəqqisinə geniş imkanlar yaratdığını vurğulayıb. S. Əbiyev görüş zamanı sloveniyalı həmkarına bölgədəki gərgin hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin bu günədək sülh yolu ilə həll edilməməsinin səbəbləri barədə məlumat verib.

Öz növbəsində, Sloveniyanın müdafiə naziri Roman Yakiç də bu münaqişəni yaradan amillər və problemin həllinə maneçilik törədən yanaşmalardan xəbərdar olduğunu bildirib.

Görüşdə nazirlər hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini və digər zəruri əlaqələrin inkişafını önə çəkiblər.

Sloveniyanın müdafiə naziri gələn il hər iki ölkənin ortaq qəhrəmanı əfsanəvi Mixaylonun-Mehdi Hüseynzadənin 95 illiyinin Sloveniyada təntənəli surətdə qeyd ediləcəyini bildirib. R. Yakiç Azərbaycanın müdafiə nazirini həmin tədbirdə iştiraka dəvət edib.