14/02/2014 06:02

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidməti iki ilini tamam elədi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHÇDX) qurumun yaranmasının 2-ci ildönümü münasibəti ilə tədbir keçirilib. “AzeriDefence”nin məlumatına görə, tədbirdə çıxış edən SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov rəhbərlik etdiyi qurumun ötən dövrdə həyata keçirdiyi tədbirlər barədə məruzə ilə çıxış edib.

Həyata keçirilən tədbirlərdən danışan A. Rəhimov bildirib ki, hazırda hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır. Bu sistem vasitəsi ilə çağırışaqədər yaş hədində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı və uçotu aparılacaq. Bu isə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaq.

A.Rəhimov qeyd edib ki, müharibə şəraitində olmağımız səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilində Xidmətin üzərinə əlavə vəzifələr qoyur.

Ötən müddətdə Xidmət tərəfindən səfərbərlik hazırlığı və səfərbərlik işinin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, səfərbərliyin idarə olunması, hərbi vəzifəlilərin xəbərdar edilərək toplanmasının yoxlanılması məqsədi ilə Xidmətin yerli şöbə və bölmələrində praktiki məşğələlər keçirilib və plana əsasən cari ildə də bu sahədə işlər davam etdiriləcək. Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi vəzifəlilərlə komplektləşdirilməsi qaydaları, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların sifarişlərinə əsasən ehtiyatda olan zabitlərin səfərbərlik zamanı çağırılmasına dair naryadlar işlənilib. Ehtiyatda olan zabitlərin mövcudluğu, sərfi və qalığı haqqında məlumatlar toplanılıb. 2013-cü il üçün mülki müdafiə tədbirlər planı hazırlanaraq Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanlığı ilə razılaşdırılıb. Bununla yanaşı, Müdafiə Nazirliyindən alınmış sifarişlərə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil edilmiş gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunun dəyişən heyətlə komplektləşdirilməsi məqsədi ilə namizədlərin göndərilməsi təmin olunub. Ötən müddət ərzində qanunvericiliyə uyğun olaraq, ölkə ərazisində fəaliyyət göstərən mülkiyyət və təşkilati hüquq formasından asılı olmayaraq hüquqi şəxs statusunda olan müəssisə, idarə, təşkilat və təhsil müəssisələrində hərbi vəzifəlilərin uçotunun aparılması işinin yoxlanılması nəzarətdə saxlanılıb. Bu sahədə mövcud qanunvericilik təkmilləşdirilib. Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri gücləndirilib. Ümumilikdə SHXÇDX tərəfindən fəaliyyəti dövründə qanunvericiliyə 400-dən artıq dəyişiklik təklif olunub və onların böyük qismi qəbul edilib.

Xidmət rəisi onu da vurğulayıb ki, ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inkişafına dair 2013-2018-ci illər üçün Tədbirlər Planı hazırlanaraq təsdiq olunub. Ötən il SHÇDX-də 5 elektron xidmət istifadəyə verilib.

A.Rəhimov bildirib ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xidməti fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bütün istiqamətlər üzrə rəhbəredici sənədlər hazırlanıb. Cəmiyyətin bazasında filiallar yaradılıb. Hazırda Cəmiyyət tərəfindən Silahlı Qüvvələrə və başqa silahlı birləşmələrə xüsusi hərbi ixtisaslar üzrə peşəkar kadrların hazırlığı aparılır. Gələcəkdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş ixtisaslar üzrə peşəkar kadrların hazırlanması və ordu sıralarına ixtisaslı mütəxəssislərin göndərilməsi üçün müvafiq tədbirlər görüləcək.

Tədbirin sonunda SHÇDX rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırılıb.