10/01/2014 12:10

Səfərbərlik Xidməti daha 4 elektron xidməti istifadəyə verib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) daha 4 elektron xidməti istifadəçilərə təqdim edib. Bu barədə “AzeriDefence”yə SHÇDX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətin internet saytı üzərindən hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron qaydada aparılır. Bununla da SHXÇDX tərəfindən göstərilən elektron xidmətlərin sayı 5-ə çatıb.

Xatırladaq ki, ötən il SHÇDX tərəfindən çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi xidməti istifadəyə verilib.