30/04/2013 07:48

SHÇDX-də “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda elmi-praktik konfrans keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) Aparatında “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda elmi-praktik konfrans keçirilib. Bu barədə “AzeriDefence”yə SHÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

Konfransı giriş sözü ilə Xidmət rəisinin müavini polkovnik Zaur Abdullayev açaraq sabiq prezident Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. O, ümummilli lider Heydər Əliyevin keçdiyi ömür yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu və onun müəyyənləşdirdiyi strateji xəttin daim Azərbaycanın inkişafına xidmət edəcəyini vurğulayıb.

Daha sonra konfransda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Mustafa İsgəndərzadə çıxış edib. O, H. Əliyevin hər zaman ordu quruculuğunu diqqət mərkəzində saxladığını vurğulayıb. Professor müasir Azərbaycan ordusunun güclənməsində SHÇDX-nin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirərək, Xidmətin bu şərəfli işin öhdəsindən layiqincə gələcəyinə inandığını deyib.

Xidmət rəisinin müavini, general-mayor Novruzəli Orucov isə qeyd edib ki, azərbaycanlıların keçmiş SSRİ-nin ali hərbi məktəblərində təhsil almağa göndərilməsi məhz H. Əliyevin göstərişi ilə həyata keçirilib, eləcə də Azərbaycanda hərbi təhsil müəssisələri yaradılıb. N. Orucov əlavə edib ki, 1993-cü ildən Azərbaycana yenidən rəhbərlik edən ulu öndərin ilk islahatları Silahlı Qüvvələrdən başlayıb və ölkədə vahid komandanlıq altında ordu yaradılıb. İndi bu ordu dünyanın inkişaf etmiş ölkələrinin orduları ilə müqayisə ediləcək səviyyə gəlib çatıb.

Qeyd edək ki, H. Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair xüsusi tədbirlər planına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bundan öncə şəxsi heyət üçün mühazirələr təşkil edib, film nümayişləri həyata keçirib.