09/10/2018 15:58

SHXÇDX-də Türkiyənin hərbi qulluqçularından ibarət nümayəndə heyəti ilə görüş keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının Tədris və Doktrina Komandanlığının nümayəndələri polkovnik Tarık Çetin Aktaş, mayor Recep Darılmaz və Türkiyənin Azərbaycandakı Silahlı Qüvvələr Attaşeliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Görüş 2018-ci il İkitərəfli Hərbi Əlaqələrə dair Tətbiqetmə Planı çərçivəsində səfərbərlik hazırlığı və həqiqi hərbi xidmətə çağırış işinin təşkili ilə bağlı təcrübə mübadiləsi məqsədilə keçirilib. Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə polkovnik T.Ç. Aktaş bildirib ki, oktyabrın 8-dən 12-dək davam edəcək səfər zamanı Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinin öyrənilməsi nəzərdu tutulub.

General-mayor Z. Abdullayev ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və daha da inkişafı üçün çalışmağın vacibliyini vurğulayıb.

Görüşdə həmçinin hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Xidmət adından qonaqlara xatirə hədiyyələri təqdim edilib.