16/02/2017 22:27

Silahlı “Hürkuş” təyyarəsi istifadəyə 2018-ci ildə daxil olacaq – FOTO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Hürkuş” təlim təyyarəsinin silahlı versiyası olan “Hürkuş-C” 2018-ci ildə Silahlı Qüvvələrin istifadəsinə daxil olacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi öz Twitter hesabında açıqlama yayıb.

Fotolarından göründüyü qədər “Hürkuş-C” təyyarəsinin ilk prototipinin silahlanmasına ROKETSAN şirkətinin istehsalı olan lazer başlıqlı “Cirit” raketi və UMTAS tank əleyhinə idarə olunan raketlər daxil edilib. Təyyarənin üzərində ASELSAN istehsalı olan  ASELFLIR-300 elektro-optik kəşfiyyat və hədəfləmə sistemi də yer alır.

TUSAŞ şirkəti isə özünün sosial media hesabında “Hürkuş-C” təyyarəsindən ilk atışların yaxın zamanlarda həyata keçiriləcəyini duyurub.

“Hürkuş-C” təyyarəsi may ayında İstanbulda keçiriləcək İDEF-2017 sərgisində nümayiş olunacaq.