27/06/2019 12:34

Silahlı Qüvvələr Günü Moskvada qeyd olunub

Azərbaycan Silahlı Qüvvələr Günü Rusiya paytaxtı Moskva şəhərində qeyd olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Müdafiə nazirinin müavini general-leytenant Fuad Məmmədov, xarici dövlətlərin hərbi attaşeləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir P.Bülbüloğlu 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ən vacib qərarlarından birinin Azərbaycan Ordusunun yaradılması haqqında qərarı olduğunu söyləyib. P.Bülbüloğlu bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ilk növbədə qəbul olunan vacib qərarlardan biri mütəşəkkil ordunun yaradılması olub: “1993-cü ildən Azərbaycan inkişaf yolu ilə irəliləyir. Bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilir. Bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində də bu iş yüksələn templə davam edir”.

Tədbirdə çıxış edən Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Fuad Məmmədov Azərbaycan Ordusunun hazırkı vəziyyəti haqqında məlumat verib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun regionda ən güclü ordu olduğunu bildirib. Nazir müavini Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlıqdan da danışıb. O, bütün sahələrdə olduğu kimi hərbi-texniki sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.

Silahlı Qüvvələr Gününə həsr olunan tədbir bədii hissə ilə davam edib.