19/01/2018 21:45

“Silahlı Qüvvələr haqqında” yeni qanun qüvvəyə minib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 2017-ci il 29 dekabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycanın qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, qanunda nəzərdə tutulan başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin. Nazirlər Kabineti həmin qanuna  uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin dinc dövrdə, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasını və tələbat normasını üç ay müddətində müəyyən edib Azərbaycan prezidentinə məlumat versin.

Qeyd edək ki, Konstitusiyaya edilmiş son dəyişikliklərdən irəli gələrək Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləməni müəyyən edən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi hazırlanıb. Yeni sənəddə Silahlı Qüvvələrin anlayışı dəqiqləşdirilib və Silahlı Qüvvələrin Azərbaycan ordusundan və başqa silahlı birləşmələrdən ibarət olduğu qeyd olunub.

1991-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun bütövlükdə Silahlı Qüvvələrin deyil, yalnız onun bir hissəsi olan Azərbaycan ordusunun hüquqi əsaslarını müəyyən edirdi. Yeni qanun layihəsində isə ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələrinin və onun tərkib hissəsi olan Azərbaycan ordusu və Azərbaycanın başqa silahlı birləşmələrinin anlayışı verilir. Ordunun fəaliyyəti Müdafiə Nazirliyi tərəfindən təşkil edilir, başqa silahlı birləşmələr dedikdə isə ölkənin təhlükəsizliyini və milli maraqlarının təmin edən, terrorçuluqla mübarizə aparan xüsusi xidmət orqanları, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasını təmin edən daxili qoşunlar, dövlət sərhədinin qorunmasını təmin edən sərhəd mühafizə orqanları, mülki müdafiəni təşkil edən hərbi birləşmə, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyini və mühafizə olunan obyektlərin qorunmasını təmin edən qurum və digərləri başa düşülür.

Qanun layihəsi Azərbaycan Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Layihədə başqa silahlı birləşmələrin dəqiq siyahısının Azərbaycan prezidenti tərəfindən təsdiq ediləcəyi müəyyən olunur. Layihədə Silahlı Qüvvələrin təyinatı və əsas vəzifələri konkret olaraq sadalanır, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların qarşılıqlı fəaliyyətinin, Silahlı Qüvvələrin idarə edilməsi və maliyyə, maddi-texniki təminatının, həmçinin, Silahlı Qüvvələrin şəxsi heyətinin məsuliyyətinin hüquqi əsasları müəyyən edilir, Silahlı Qüvvələrin fəaliyyətinə nəzarətlə bağlı məsələlər tənzimlənir. Öz növbəsində, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların fəaliyyəti isə ayrıca qanunlarla, yəni “Azərbaycan ordusu haqqında” “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Daxili Qoşunlar haqqında” “Sərhəd mühafizə orqanları haqqında” və digər hərbi qanunlarla tənzimlənəcək.