19/10/2016 17:42

“Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti” mövzusunda tədbir keçirilib

Müdafiə Nazirliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə,  tədbirdə Prezidenti Administrasiyası, Müdafiə Nazirliyi, Mətbuat Şurasının nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin, internet xəbər saytlarının, eləcə də digər nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev dəyirmi masanı açaraq müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından tədbir iştirakçılarını salamlayıb və dəvəti qəbul etdiklərinə görə qonaqlara minnətdarlığını bildirib.

Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvləri – Milli Məclisin deputatı Aqil Abbas, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, habelə “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, “Azərfaks” İnformasiya Agentliyinin rəhbəri Nicat Dağlar, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov, “Strateq.az” saytının rəhbəri Elxan Şükürlü, “Strategiya.az” saytının rəhbəri İsmayıl Qasımov, MN-nın mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı və başqaları media – Silahlı Qüvvələr əməkdaşlığının intensivləşməsini zəruri edən məqamlardan söz açaraq istər səmərəliliyin artırılmasına, istərsə də cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndiriblər.

Dəyirmi masa iştirakçıları bu kimi tədbirlərin aktuallığını nəzərə alaraq bundan sonra da əlaqəli əməkdaşlıq fəaliyyətinin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.