20/03/2017 14:28

Silahlı Qüvvələrdə “Açıq qapı” keçirilir – müdafiə naziri HDQ-də valideynlərlə görüşüb – FOTOLAR

Zakir HƏSƏNOV: Azərbaycan Ordusunun təminat və təchizatı dünyanın aparıcı dövlətlərinin orduları ilə eyni səviyyədədir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11.00-dan başlayaraq bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

“AzeriDefence”nin məlumatına görə, Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olur, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılır, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.

“AzeriDefence”nin əməkdaşı da Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən “Açıq qapı” günündə iştirak edib.

Saat 11-də HDQ-yə gələn general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin rəhbərliyinə əvvəlcə HDQ komandanı vəzifəsini icra edən, I dərəcəli kapitan Zaur Hümbətov raport verib. Daha sonra nazir əsgər valideynləri və ictimaiyyət nümayəndələri ilə görüşüb.

İctimaiyyət nümayəndələrini dinləyən müdafiə naziri şəxsi heyəti və valideynləri Novruz bayramı münasibəti ilə təbrik edib. Z. Həsənov qeyd edib ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi və ali diqqəti Silahlı Qüvvələrdə inkişaf prosesi gedir. Hərbi hissələr yenidən inşa olunur, şəxsi heyətin xidməti üçün hər cür şərait yaradılır. Azərbaycan Ordusunun təminat və təchizatı dünyanın aparıcı dövlətlərinin orduları ilə eyni səviyyədədir.

“Bu gün siz bunu bir daha özünüz görəcəksiniz. Şükr Allaha, əgərlərimizin yemək, geyim, yaşayış şəraiti ilə bağlı heç bir problemi yoxdur. Ali Baş Komandanımız cənab İlham Əliyev Silahlı Qüvvələri daim diqqətdə saxlayır, lazımi dəstəyini ordudan əsirgəmir”, – deyə Z. Həsənov qeyd edib.

Nazir bildirib ki, həm arxa, həm də ön cəbhədəki hərbi hissələr ən müasir səviyyədə inşa edilib. Hazırda da bu proses davam etdirilir.

Müdafiə naziri valideynlərdən xahiş edib ki, övladları ilə görüşdə onlara qarşılıqlı münasibətlərə əməl etmələrini tövsiyyə etsinlər. Eyni zamanda, qarşılaşdıqları problem varsa, açıq söyləyə bilərlər: “Məhz “açıq qapı”ların və görüşlərin təşkilində də məqsəd valideynlərlə görüşmək, onların fikirlərini öyrənməkdir”.

Daha sonra general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər şəxsləri HDQ-nin qərargahı önündəki yaşıllıq sahəsinə ağac əkiblər.

Görüşün sonunda müdafiə naziri əsgər valideynləri, ictimaiyyət nümayəndələri və HDQ-nin şəxsi heyəti ilə xatirə fotosu çəkdirib.

Tədbirdən sonra valideynlər və ictimaiyyət nümayəndələri HDQ-nin kazarmalarına, yeməkxanasına, döyüş gəmilərinə baxış keçirib, yaradılan şəraitlə yerində tanış olublar.

“Açıq qapı” günündə iştirak edən, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov bu tədbirin ordu-xalq əlaqələrinin yüksəlməsində, ictimaiyyətin orduda gedən inkişaf prosesinə birbaşa şahidlik etməsi baxımından əhəmiyyət daşıdığını bildirib: “Bu eyni zamanda silahlı qüvvələr üzərində ictimai nəzarət deməkdir. Bu tədbirlər vasitəsi ilə əsgər valideynləri hərbi hissə komandanlığı, Müdafiə Nazirliyinin rəhbərliyi ilə birbaşa təmas yaradır, öz fikir və təkliflərini, problemlərini söyləmək imkanı qazanır, eyni zamanda, ən mühümü – orduda gedən inkişafın yerində şahidi olurlar. Başqa sözlə, buradakı şəraiti öz gözü ilə görən valideyin geri döndükdən sonra “övladım nə yedi, nə içdi? Hansı şəraitdə yaşayır? Ona görəsən necə baxırlar kimi suallarına son qoyulur. Bu olduqca mühüm tədbirdir və biz veteranlar da mütəmadi olaraq bu tədbirlərdə iştirak edirik”.

Qazax rayonundan nəvəsinin Novruz bayramına gəlmiş baba və nənə də gəmilərdə yaradılan şəraiti bilavasitə izləyib. Gəminin yeməkxanasında və matros kubriklərinə baş çəkərək yaradılan şəraitə görə, komandir heyətinə öz təşəkkürlərini bildiriblər: “Mən gəmi deyəndə başqa ey fikirləşirdim. Maşallah, burada əməlli başlı ev yeməkləri bişirilir. Balalarımıza da qalır Vətənimizin dövlətimizin müdafiəsi, komandirlərin əmrlərini icra eləmək, bir biri ilə mehriban dolanmaq”.

Digər əsgər valideynləri yaradılmış şəraitə görə, Müdafiə Nazirliyinin rəhbərliyinə və prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.