02/09/2019 10:55

Silahlı Qüvvələrə Yardım Fonduna 102.5 milyon manat vəsait yığılıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna cari il sentyabrın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 2019-cu il sentyabrın 1-dək 102 500 283,98 AZN, 213 577,88 ABŞ dolları, 17 266 avro və 5000 rubl vəsait daxil olub.

Silahlı Qüvvələrin Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 725 058,11 AZN artıb, digər valyuta hesablarında isə dəyişiklik olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.