02/04/2018 11:30

Silahlı Qüvvələrə Yardım Fonduna 90 milyon manata yaxın vəsait yığılıb

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi son bir ayda 751 158 manat artıb.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyi Fondun mart ayında daxilolmaları barədə informasiyanı açıqlayıb.

Məlumatda qeyd olunub ki, Silahlı Qüvvələrə Yardım Fonduna 1 aprel 2018-ci il tarixədək 89 782 731,34 AZN, 213 573,88 ABŞ dolları, 10 736 avro və 5000 rubl vəsait daxil olub.

Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 751 158,52 AZN, dollar hesabındakı vəsait 500 ABŞ dolları, avro hesabındakı vəsait 300 avro artıb, rubl hesabında isə dəyişiklik olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.