23/06/2016 21:01

Silahlı Qüvvələrin Hərbi Akademiyasının buraxılış mərasimi keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Əməliyyat-taktiki fakültəsinin, həmçinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun buraxılışı olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məölumat verilib.

Mərasimdə məruzə ilə çıxış edən Akademiyanın rəisi general-leytenant Heydər Piriyev bildirib ki, aprel ayının ilk günlərində erməni təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən layiqincə alınıb. Düşmənə çox böyük zərbələr endirilib, əməliyyat-taktiki cəhətdən əhəmiyyətli hakim yüksəkliklər azad olunub və daha əlverişli hərbi mövqelərə nəzarət bərpa edilib.

“Biz hamımız əminik ki, bu gün Hərbi Akademiyadan məzun olan zabitlər təyin olunduqları yüksək vəzifələrdə tədrisdə aldıqları bilikləri məharətlə tətbiq edəcək və torpaqlarımızın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında uğurlar qazanacaqlar”, – deyə H.Piriyev əlavə edib.

Sonra məzunlara diplomlar və döş nişanları verilib. Məzunlar adından Akademiyaya xatirə hədiyyələri təqdim olunub.