31/05/2017 13:04

Silahlı Qüvvələrin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb – FOTOLAR

Bakı şəhərində Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan etdiyi motoatıcı taborunun növbəti dəfə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan ƏİK taboru 2014-cü ildə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimini müvəffəqiyyətlə keçib və NATO-nun “Döyüşə hazır” sertifikatını alıb. Hazırda seritifikatın təsdiq edilməsi məqsədilə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri cəlb olunub.

Taborun qiymətləndirilməsi çoxmillətli qiymətləndirmə heyəti tərəfindən həyata keçirilir və NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən müşahidə olunur.

Təlim iyunun 2-dək davam edəcək.