23/07/2014 07:54

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 9 ayda 150 açıq ürək əməliyyatı həyata keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək-damar Mərkəzində son 9 ayda 150 açıq ürək əməliyyatı uğurla həyata keçirilib. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Hospitalın Ürək-damar şöbəsinin rəisi, uzman doktor Anar Əmrah bildirib.

Müasir tibbi avadanlıqlarla təchiz olunmuş mərkəzdə ən müasir cərrahiyə əməliyyatlarının həyata keçirilməsinin mümkün olduğunu deyən şəbə rəisi Mərkəzdə hazırda 30 nəfərdən ibarət tibb komandası çalışdığını vurğulayıb. Tibb komandasının üzvləri 3 il Türkiyə Silahlı Qüvvələrinin Gülhanə Tibb Akademiyasının Ürək-damar mərkəzində xüsusi təlim keçiblər. Mərkəzdə EECP (gücləndirilmiş xarici konturpulsasiya), İVUS (dammar içi ultra səs müayinəsi), FFR və digər müasir avadanlıqlar qurulub.

Əməliyyatların hamısı hospitalın yerli hərbi həkimləri tərəfindən keçirilib və itkisiz olub.

“Bu müddət ərzində ürəyi dayandırmadan aorta koronar-şuntlama əməliyyatları, kiçik kəsikdən ürək əməliyyatları, aritmiya cərrahiyyələri və aritmiyanın kataterlə müalicəsi, qapaq əməliyyatları və təmiri, uşaqlarda anadangəlmə ürək qüsurlarının müalicəsi Mərkəzimizdə həyata keçirilib”, – deyə A. Əmrah vurğulayıb.

Həkim qeyd edib ki, damar xəstəliklərinin ən ağır fəsadlarından biri sayılan ağciyərlərin tromboemboliyasıdır: “Amerikada yeni tətbiq olunmuş üsulu ilk dəfə biz mərkəzimizdə tətbiq edərək böyük uğur əldə elədik. Sağ ağciyərin massiv tromboemboliyası olan 59 yaşında xəstənin ağciyər arteriyasına xüsusi katater yerləşdirilərək ultrasəs dalğaları və trombolitik dərmanlarla 15 saat ərzində trombun 95%-i əridildi. Nəticədə xəstənin tənəffüsü bərpa edildi və eyni zamanda gələcəkdə aşağı ətrafdan ağciyər tromb getməsinin qarşısını almaq üçün aşağı boş venaya xüsusi filtr yerləşdirildi”.