17/05/2017 12:03

“Şimşək” qülləsinin testləri yekunlaşıb

Azərbaycan MSN-in “Cihaz” İstehsalat Birliyi “Mobile Land Systems” (MLS) şirkəti ilə birgə hazırladığı “Şimşək” qülləsinin testlərini bitirib.

Bu barədə “AzeriDefence”yə İDEF-2017 sərgisində təmsil olunan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Qüllənin atış testləri uğurlu alınıb. Hazırda qüllənin digər kalibrli toplarla silahlandırılmış versiyasının yaradılması üzərində işlər gedir.

“Şimşək” qülləsi modulyar dizayna malikdir və üzərinə fərqli kalibrlərdə (14.5, 20, 23, 30 mm) silahlar qurmaq mümkündür.

“Şimşək” hazırda BTR-70 zirehli transportyorlarının orijinal qüllələrindən bir sıra üstünlükləri ilə fərqlənir. Qüllə 360 dərəcə fırlana və 90 dərəcə bucaq altında hava hədəflərinə atəş aça bilir. Qüllənin güllələrə qarşı qoruması STANAG 4569 level 2 səviyyəsinə cavab verir.

Qüllədə ikinci silah olaraq 7.62 mm PKT pulemyotu yer alır.