23/05/2016 16:43

SİPRİ: Ötən il dünyada hərbi sahəyə 1.7 trilyon dollar vəsait xərclənib

sipri-building.jpg

Ötən il dünyada hərbi sahəyə 1.7 trilyon dollar vəsait xərclənib.

“AzəriDefence”nin məlumatına görə, bu barədə mərkəzi İsveçin paytaxtı Stokholm şəhərində yerləşən SİPRİ təşkilatının hesabatında bildirilib.

Müdafiə sektoruna ən çox vəsait ayıran ABŞ siyahıda 596 milyard dollarla 2015-ci ildə birinci yeri tutub. Qeyd edək ki, ABŞ-ın hərbi büdcə xərci 2014-cü illə müqayisədə 2.4 faiz aşağı düşüb.

Sonrakı yerlərdə 215 milyard dollarlıq hərbi xərclərlə Çin, 87.2 milyard dollarla Səudiyyə Ərəbistanı, 66.4 milyard dollarla Rusiya qərarlaşıb.

Səudiyyə Ərəbistanı siyahının hər zaman 3-cü sırasında olan Rusiyanı geridə qoyaraq bu il ilk üçlüyə daxil olub.

2015-ci ildə hərbi xərclərini artıran ölkələr sırasında Əlcəzair, Azərbaycan, Rusiya, Səudiyyə Ərəbistanı və Vyetnam olub.

Təşkilatın araşdırmasına görə, Səudiyyə Ərəbistanının xərclərindəki artıma Yəməndəki daxili müharibə təsir göstərib. Həm Rusiya, həm də Səudiyyə Ərəbistanın neft qiymətinin aşağı düşməsi və iqtisadi çətinlik səbəbindən 2016-ci ildə müdafiə xərclərində azalma gözlənilir.

 

SİPRİ-nin hesabatda diqqət çəkən digər bir məqam isə Şimali Amerika, Qərbi və Mərkəzi Avropa ölkələrinin hərbi xərclərinin 2009-cu ildən bu yana azalması olub.

 

Xəbər Lenti