24/05/2018 14:27

Slovakiya Ordusu “Zuzana 2” özüyeriyən haubitsalar alır

Slovakiya höküməti mayın 23-də Müdafiə Nazirliyinin 175 milyon avro dəyərində “Zuzana 2” özüyeriyən haubitsalar almaq üçün təklif etdiyi layihəni təsdiq edib.

“AzeriDefence” “Janes” nəşrinə istinadən xəbər verir ki, sazişə əsasən Slovakiya Silahı Qüvvələri 25 ədəd yeni 155-mm/52 kalibrli “Zuzana-2” özüyeriyən haubitsa ilə təchiz ediləcək.

Haubitsaların təchizatçısı 2 Slovakiya şirkəti – “Konstrukta” və “Defence” şirkətləridir. “Zuzana-2” haubitsaları Dubnitsadakı “DMD Group” şirkətinin tərkibinə daxil olan ZTS-Special müəssisəsi tərəfindən istehsal ediləcək. Verilən sifarişlərin tədarükü 2018-2022-ci illər arasında həyat keçiriləcək.

Qeyd edək ki, Slovakiya müdafiə naziri Peter Qaydoş mayın 23-də çıxışı zamanı ordunun müasir silahlarla təchiz ediləcəyini deyib: “Slovakiya ordusu NATO tələblərinə uyğun olaraq, müasir texnika, silah və sursatlarla təchiz olunacaq. Briqadalara yeni artilleriya sistemləri alınacaq”.

“Zuzana 2” 1990-cı illərdə istehsal olunan “Zuzana 2000” modelinin təkmilləşmiş versiyasıdır. Bu da Çexslovakiyanın məşhur “Dana” özüyeriyən haubitsasının yeni seriyası hesab olunur. “Zuzana-2″nin konstruksiyası “Zuzana 2000” və “Dana” sistemlərinə çox oxşardır.

“Zuzana-2” haubitsasının ilk sınaqları 2014-cü ilin yay aylarında keçirilib. Sınaqlar zamanı haubitsadan 1200-dən çox atış edilib. Sınaqlar zamanı maksimal atış məsafəsi 41.1 km təyin olunub. “Zuzana-2” haubitsası 8×8 təkər formuluna malik “Tatra T-813” maşınının şassisi üzərinə inteqrasiya olunub. Çəkisi 32.4 ton olan artilleriya kompleksinin ekipaj üzvü 4 nəfərdir. Maksimal tezatma qabiliyyəti, üç dəqiqə ərzində 16 atış təşkil edir. “Zuzana-2” müasir avtomatlaşdırılmış idarəetmə sistemi, naviqasiya sistemi, gecə-gündüz optik-elektron sistemi ilə təchiz olunub.