13/12/2017 18:12

Slovakiya “Patria AMV” PDM-in yeni versiyasını təqdim edib

Slovakiya ilə Finlandiya birlikdə “Patria AMV” piyadaların döyüş maşının (PDM) yeni versiyasını hazırlayıb.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, Slovakiyada keçirilən “Sənaye Günü – 2017” çərçivəsində “Patria AMV XP” adı verilən yeni təkmilləşdirilmiş zirehli maşının təqdimatı keçirilib.

Slovakiya və Finlandiya hərbi müəssisəsiləri bu ilin noyabr ayında “Patria AMV XP” zirehli avtomobillərinin birgə istehsalına dair memorandum imzalayıblar. İmzalanmış sənədə əsasən, 2018-dən 2029-cu ilə qədər Slovakiya Ordusu 81 ədəd zirehli maşın alacaq. Nümunə olaraq 3 ədəd PDM Finlandiyadan gətiriləcək, yerdə qalanları isə Slovakiyada istehsal olunacaq.

“Sənaye Günü – 2017” çərçivəsində nümayiş etdirilən “Patria AMV XP” zirehli transportyorun üzərində EVPU şirkətinin istehsalı olan “Turra 30” döyüş modulu quraşdırılıb. 30 mm-lik avtomatik topla təchiz edilən döyüş modulu 7,62-mm-lik pulemyot, həmçinin iki ədəd tank əleyhinə raketlərlə silahlandırılıb.

Qeyd edək ki, “Patria AMV XP” zirehli avtomobili ilk dəfə Londonda keçirilən DSEİ-2013 beynəlxalq müdafiə və təhlükəsizlik texnologiyaları sərgisində nümayiş etdirilib. “Patria AMV XP” 2001-ci ildə hazırlanmış “Patria AMV” zirehli avtomobilinin təkmilləşdirilmiş versiyadır. Yeni transportyor sələfindən əsasən gücləndirilmiş dizel mühərriki, təkərlərinin ölçüsü və genişləndirilmiş kabinəsi ilə fərqlənir. Ümumi çəkisi 32 ton təşkil edən PDM 15-tona qədər yük daşıma qabiliyyətinə sahibdir.