16/10/2017 18:06

Slovakiya və Bəhreyn Rusiyadan “Tiqr” maşınları almaq istəyir

Slovakiya və Bəhreyn Rusiyadan “Hərbi Sənaye Şirkəti”nin (VPK) istehsalı olan  “Tiqr” zirehli avtomobilləri almaq istəyir.

“AzeriDefence” xəbər verir ki, bu haqda VPK şirkətinin xarici iqtisadi fəaliyyət departamentinin direktor müavini Denis Trifonov BİDEC-2017 beynəlxalq müdafiə sərgisində “Ria Novosti”yə müsahibəsində deyib.

Direktor müavinin sözlərinə görə, Rusiya və Slovakiya “Tiqr” zirehli maşınların alğı-satqısına dair razılığa gəliblər. Hazırda avtomobillərin çatdırılması barədə danışıqlar gedir.

Bildirib ki, Slovakiya test etməsi üçün bir ədəd “Tiqr” zirehli maşını alıb və yenidən tədarük edilməsinə maraq göstərir. Gələn il müqavilənin maliyyə işləri ilə bağlı məsələ həll olunduqdan sonra bu plan həyata keçə bilər. Qeyd edək ki, hələ ki Slovakiya, Rusiya istehsalı olan bu maşından istifadə edən yeganə NATO ölkəsidir.

D.Trifonov qeyd edib ki, Bəhreyn də “Tiqr” zirehli avtomobilləri ilə maraqlanır. Bəhreyn tərəfi daha çox “Tiqr” zirehli avtomobilinin təhlükəsizlik qüvvələri üçün nəzərdə tutulan konfiqurasiyası ilə maraqlanır.

“Bu gün biz çatdırılmaların həcmini, konkret olaraq hansı strukturlar üçün bu maşın maraqlı olacağını müzakirə edirik. Düşünürəm ki, cari ilin sonuna qədər Bəhreyn tərəfdən konket olaraq məlumat ala biləcəyik”, – deyə D.Trifonov vurğulayıb.

Qeyd edək ki, “Tiqr” Rusiyanın çox funksiyalı avtomobillər ailəsinə daxildir. Yolsuzluq avtomobili sayılan “Tiqr” personal, eləcə də müxtəlif yüklərin daşınması üçün nəzərdə tutulub. Zirehli avtomobilin yük daşıma qabiliyyəti 1.2 tondur.