08/01/2014 14:55

Şəmkir Sərhəd Dəstəsinin qarnizonu istifadəyə verilib – FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Şəmkir Sərhəd Dəstəsinin qarnizonunun yeni inşa olunmuş xidməti binalar kompleksi və yaşayış şəhərciyi istifadəyə verilib.“AzeriDefence”nin məlumatına görə, bu münasibətlə keçirilmiş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev, Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veyisov iştirak ediblər.

Tədbirdə çıxış edən DSX rəisi, general-leytenant Elçin Quliyev son illər Azərbaycan sərhədlərinin etibarlı qorunması istiqamətində görülən işlərdən, xüsusilə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Tədbirdə qeyd olunub ki, Şəmkir Sərhəd Dəstəsinin qarnizonu xidməti və yaşayış sahəsi 26480 kvadratmetr olan 22 ədəd binalar kompleksindən, o cümlədən 106 xidməti mənzilli yaşayış şəhərciyindən ibarətdir.

Qarnizonun yeni xidməti binalar kompleksi və yaşayış şəhərciyi sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətinə başladığı Şəmkir rayonunun peşə məktəbinin ərazisində inşa olunmuş, burada mövcud olmuş peşə məktəbinin binası və digər yardımçı tikililər tam sökülüb.

Ümumi ərazisi 8,64 hektar olan qarnizonda ikimərtəbəli qərargah binası, beşmərtəbəli yataqxana və məişət təminatı binası, 40 yerlik tibb məntəqəsi, əsgər yeməkxanası, maddi-texniki təminat və yeraltı tərəvəz anbarları, ideoloji mərkəz və 500 nəfərlik akt zalı, idman şəhərciyi və idman zalı, əsgər kafesi, xidməti itlər üçün volyer və təlim mərkəzi, silah-sursat anbarı və qarovul binası, avtomobil parkı, yanacaq-sürtkü materialları anbarı və yanacaqdoldurma məntəqəsi inşa edilib. Xidməti binalarda şəxsi heyət üçün yüksək şərait yaradılmış, otaqlar və tibb məntəqəsi lazımi avadanlıq və vasitələrlə təmin olunub.

Qarnizonun ərazisində yeni sıra meydanı yaradılmış, əraziyə 30.000 kvadratmetr asfalt örtük döşənmiş, müasir mərkəzləşdirilmiş müşahidə, istilik və işıqlandırma sistemləri quraşdırılıb.

Sərhəd dəstəsinin şəxsi heyəti üçün yeni inşa olunmuş yaşayış şəhərciyi 1 ədəd səkkizmərtəbəli 98 mənzilli və 1 ədəd ikimərtəbəli səkkiz mənzilli yaşayış binalarından ibarətdir. Bütün mənzillər mebel, məişət avadanlıqları, müasir istilik sistemləri və texniki avadanlıqlarla təmin olunub.

Sərhədçi ailələrinin asudə vaxtlarının səmərəli təşkili və istirahəti üçün 6348 kvadratmetr sahədə istirahət parkı salınıb. Yaşayış şəhərciyində mərkəzləşdirilmiş istilik sistemi, fasiləsiz su təminatı üçün 2 ədəd 300 kubmetrlik su anbarı inşa edilib.

Tədbirdə DSX rəisi xidmətdə fərqlənmiş hərbi qulluqçuları medallar və qiymətli hədiyyələrlə təltif edib.

Daha sonra hərbi hissədə yaradılan şəraitlə tanış olan qonaqlar qərargah, yaşayış binaları, tibb məntəqəsi, texnika parkına baş çəkiblər.