01/09/2013 06:30

Snayper və paraşütçü hazırlığı kurslarına bərpa olunur

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC snayper və həvəskar paraşütçü kurslarını bərpa edir. Bu barədə “AzeriDefence.com” saytına SHÇDX-dən məlumat verilib.

Avqustun 13-dən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında snayper hazırlığı kurslarına sənəd qəbuluna başlanıb. Kurslarda yeniyetmələrlə yanaşı hərbi xidmət keçmiş şəxslər də iştirak edə bilərlər. Snayper kursu üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyəti təsdiq edən sənədin surəti, tərcümeyi-hal, hərbi biletin surəti (olduğu halda), iki ədəd 3×4 ölçülü fotoşəkil.

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC Balakən rayon 1 nömrəli filialında həvəskar paraşütçülərin hazırlığı üzrə kursa sənəd qəbulunu elan edib. Kursda iştirak etmək istəyənlər şəxsiyyəti təsdiq edən sənədin surətini, tərcümeyi-hal və iki ədəd 3×4 ölçülü fotoşəkil təqdim etməlidirlər.

Qeyd edək ki, Azərbaycanda snayper hazırlığı kursları 2011-ci ildə, keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti tərəfindən başlanıb. Cəmiyyət 2012-ci ilin iyun ayında SHÇDX-nin tərkibinə keçdikdən sonra kurslar dayandırılıb.

Kurslar barədə ətraflı məlumat almaq üçün telefonlar: (012) 597 24 51, (012) 597 25 88