05/02/2019 17:22

“Spike NLOS”un yeni versiyası sınaqdan keçirilib – VİDEO

İsrailin “Rafael” şirkəti “Spike NLOS” tank əleyhinə idarəolunan raketin yeni versiyasını sınaqdan keçirib.

Bu barədə “AzeriDefence” İsrail mediasına istinadən məlumat verib.

Sınaqlar zamanı “Tomcar” yüngül nəqliyyat vasitəsi üzərində quraşdırılan işəsalma qurğusundan 8 ədəd “Tamuz 5” adı verilən yeni tank əleyhinə idarəolunan raketlərin atışı həyata keçirilib. “Tamuz 5” raketi 25 km-dən artıq məsafədən hədəfləri yüksək dəqiqliklə vurub.

“Rafael” şirkətinin mütəxəssisləri bildiriblər ki, “Spike NLOS”un yeni versiyası analoqundan yüngül çəkisi və kiçik qabaritli olması ilə fərqlənir. Mövcud “Spike NLOS” raketlərinin atış məsafəsi 25000 metr təşkil etdiyi halda yeni modifikasiyanın atış məsafəsi 5000 metr artırılaraq 30000 metrə (30 km) çatdırılıb. Raketin atış mənzili artırılmaqla yanaşı, texniki imkanları da yaxşılaşdırılıb.