29/05/2012 16:12

Sərhədçi zabitlərə Bakıda mənzil verildi – FOTOLENT

Mənzilsiz sərhədçi qalmayacaq

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) zabit və gizir heyəti üçün Bakı şəhərinin Nərimanov rayonunda inşa olunmuş yeni yaşayış kompleksində 28 May – Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib. “AzeriDefence”nin məlumatına görə, tədbirə DSX-nın rəisi, general-leytenant Elçin Quliyev başda olmaqla qurumun rəhbərliyi, həmçinin kompleksdə yaşayan zabit və gizir heyətinin ailə üzvləri qatılıb.
Mərasim Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb.

Daha sonra çıxış edən general E. Quliyev Azərbaycan xalqının 1918-ci il mayın 28-də öz müstəqilliyinə qovuşmasından və əldə edilmiş uğurlardan danışıb. Demokratik cümhuriyyətin sərhədlərin mühafizəsi istiqamətindəki fəaliyyətini xüsusi qeyd edən DSX rəisi bolşevik işğalı nəticəsində yarımçıq qalmış işlərin müstəqillik dövründə uğurla davam etdirildiyini vurğulayıb. Ümummili lider Heydər Əliyev tərəfindən milli sərhəd mühafizəsi strategiyasının müəyyənləşdirildiyini deyib.

E. Quliyev deyib ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan Sərhəd Mühafizəsi böyük inkişaf yolu keçib. Müasir silah və texnika ilə təchiz edilib, mobil, qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial əldə edilib.

“Dövlət sərhədində və hərbi hissələrdə həyata keçirilmiş böyük miqyaslı tikinti-quruculuq işləri sayəsində müasir sərhəd mühafizə infrastruktru yaradlılb, dövlət sərhədlərinin daha etibarlı mühafizəsi təmin olunub”, – deyə general E. Quliyev vurğulayıb.

“Dövlətçilik tariximiz – iftixar yerimiz, müasir və qüdrətli Azərbaycan –qürur mənbəyimiz, qələbə müjdəli gələcəyimiz – məqsəd və hədəfimizdir”, – deyə DSX rəisi əlavə edib.

E. Quliyev həmçinin deyib ki, bu illər ərzində Horadiz, Göytəpə, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələrinin qarnizon kompleksləri, Sahil Mühafizəsinin yeni bazası, Akademiya, “Sərhədçi” idman-olimpiya və istirahət mərkəzləri, hərbi anbarlar, Aviasiya Dəstəsi, Cəlilabad rayonunda vahid tədris mərkəzi, atçılıq mərkəzi, xidməti heyvanların təlimatçılarının hazırlanması mərkəzi, yüzlərlə sərhəd məntəqəsi və digər xidməti obyektlər istifadəyə verilib. Təkcə 2011-ci il ərzində hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün 1288 mənzil inşa edilib. Bu sayın artırılması istiqamətində işlər görülür.

E. Quliyev Azərbaycan Demokratik Respublikasının 94-cü ildönümünün bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi, ölkədə “Eurovision-2012” mahnı müsabiqəsinin uğurla başa çatdığı bir vaxtda təntənəli şəkildə qeyd olunduğunu vurğulayıb. Komandan “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn əcnəbiləri ölkə sərhədində birinci qarşılayan və sonuncu yola salan sərhəd nəzarəti məntəqələrinin əməkdaşlarının, müsabiqənin təhlükəsizliyi üzrə tədbirlərin təşkilində iştirak etmiş DSX-nın zabit və gizirlərinin xidmətlərini də qeyd edib.

Çıxışdan sonra E. Quliyev xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Bakı şəhərində yeni xidməti mənzillərin orderlərini təqdim edib. Hərbi qulluqçulara verilən mənzillər tam təmir olunub, zəruri məişət əşyaları ilə təchiz edilib. Binanın həyətində uşaqlar üçün oyun parkı və uşaq klubu yaradılıb. Yaşayış binası fasiləsiz istilik təchizatına malikdir. Mənzillər kondisioner, televizor və s.zəruri avadanlıqlarla yanaşı internetlə də təmin olunub. Yaşayış kompleksinin ərazisində tədbirlərin keçirilməsi üçün hər bir şərait, həmçinin idman meydançası var.

Qeyd edək ki, bu gün mənzillərinin bir qismi hərbçilərə verilmiş yaşayış kompleksi 6 bloklu, 12 mərtəbəli binadan ibarətdir. Binada 264 mənzil var. Binada ilk mənzillərin orderini hərbçilərə 2011-ci ilin may ayının 19-da Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev verib.