07/01/2019 11:20

SSB sədrinin müavini Mustafa ŞƏKƏR: Azərbaycanla sursat idxalına dair müqavilə imzalamışıq

Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədr müavini Mustafa Murad Şəkərin AZERİ DEFENCE jurnalına müsahibəsi

Mustafa bəy, 2018-ci il artıq başa çatır. Türkiyə müdafiə sənayesi vəziyyətini və dünya müdafiə sənayesidəki yerini necə dəyərləndirirsiniz? 2018-ci ilin ixracat yekunları ilə bağlı hansı gözləntiləriniz var?

Türkiyə müdafiə sənayesi dinamik inkişafdadır və bu sahənin inkişaf etdirilməsi ilə bağlı starteji planımız, tərtbi olunmuş proqramlarımız var. Çox şükür ki, həmin planlar 2018-ci ildə nəzərdə tutulan formada davam edib. Deyərdim ki, 2018-ci il müdafiə sənayesi baxımdan çox gözəl bir il oldu. Hətta bir sıra yeni layihələri təqdim edə bildik. Misal üçün deyə bilərəm ki, 2018-ci ildə Türkiyənin yerli istehsalı olan T-625 helikopteri ilkin sınaq uçuşlarını keçirdi. Eləcə də müxtəlif sistemləri meydanda görmə şansımız oldu.

Bildiyiniz kimi, Türkiyə dövləti bir tərəfdən də terrorla mübarizəni davam etdirir. Bu illər ərzində Silahlı Qüvvələrimiz və təhlükəsizlik qurumları tərəfindən həyata keçirilmiş əməliyyatlar müdafiə sənayesi üçün bir sınaq meydanı rolunu oynadı. İlk dəfə bəzi məhsullarımız Afrin və Əl-Bab əməliyyatlarında istifadə edildi. Həqiqətən çox uğurlu nəticələr əldə etdik. Praktik sahədə istifadə olunduğu üçün əldə etdiyimiz uğuru hər kəs gördü. Bu da bizə çox qürur verdi. Ona görə də 2018-ci ilin müdafiə sənayemizin inkişafı baxımından uğurlu il olduğunu düşünürük. İxracat baxımından da bir sıra hədəflərimiz var. Hazırda həmin hədəflərə doğru irəliləyir və ilin sonuna qədər uğurla yekunlaşdıracağımıza inanırıq. 2018-ci ildəki ixracat hədəfimzi 2 milyard dollardır. İlk on aylıq göstəricilərə baxdıqda burada mühüm məsafəni qət etdiyimizi görmək olar.

TR-300 “Qasırğa” raket kompleksi Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun təlimində. Foto: MN

Türkiyə müdafiə sənayesinin ixracat coğrafiyasına nəzər yetirsək, əsas ağırlıq hansı ölkələr üzərinə  düşür?

Dost və qardaş ölkələr öndədir. Azərbaycan, Pakistan, Körfəz ölkələrindən Qətər və Səudiyyə Ərəbistan siyahıda ilk yerlərdə dayanır. Bu ölkələrlə yaxşı münasibətlərimiz və əməkdaşlıqlarımız davam edir. Orta Asiyada Qazaxıstan, Özbəkistan və Türkmənistanla da layihələrimiz var..

Türkiyə ilə Səudiyyə Ərəbistan arasındakı münasibətlərdə son aylar soyuqluq yaşanır. Bunun müdafiə sənayesinə bir təsiri müşahidə olunurmu?

 Hadisələrin əməkdaşlığımıza bir təsiri olmayacağını düşünürük. İki ölkə arasında münasibətlərin qurulması çox uzun illərə bundan əvvəl baş verib. Təbii ki, müəyyən vaxtlarda siyasi aləmdə müəyyən hadisələr, fərqli düşüncələr, fərqli problemlər ola bilər. Amma biz bu iki ölkənin çoz uzun illər olan münasibətlərini nəzərə alıb, hər hansı problemin yaşanmasına imkan verə bilmərik. Səudiyyə Ərəbistanında davam edən işlərimiz var. ASELSAN şirkəti tərəfindən Səudiyyə Ərəbistanına rabitə sistemləri ixrac edilib. Birgə istehsal proqramı var. FNSS şirkəti bu ölkənin silahlanmasındakı zirehli maşınları modernizə edir və.s.

Türkiyədəki maliyyə böhran müdafiə sənayesi sahəsində necə təsir etdi?

Böhranın müdafiə sənayesinə təsiri olmadı. Düzdü müyyən vaxtlarda iqtisadi böhranlar olur, amma bu müdafiə sənayesindən yan keçdi. İdarəçilər bu cür iqtisadi böhranları çox diqqətlə izləyir, müdafiə sənayesinə digər sektorlardan fərqli yanaşırlar. Böhrana baxmayaraq işlərimizə davam edirik. Layihələr planlaşdırıldığı kimi davam edir.

Türkiyə dünya müdafiə sənayesində son onillikdə önə çıxmağa başlayıb. Türkdilli dövlətlərin hədəfləriniz arasında olduğu bəllidir. Lakin istər Azərbaycan olsun, istərsə də digər region dövlətləri ilə müdafiə sənayesi sahəsindəki münasibətlərinə baxsaq, bir qədər boşluqların olduğunu görərik. Türkiyənin Qazaxsıtandakı müdafiə sənayesi ofisi bağlandı. Bu region bazarına yönəlik siyasətinizdə hər hansı bir yeniliklər etməyi düşünürsünüzmü?

Türkiyə olaraq, bir neçə il bundan əvvələ qədər əsas məqsədimiz öz məhsullarımızı yaratmaq idi. Yəni o vaxtlar ixracat bizim birinci məqsədimiz deyildi. Hazırda müəyyən məshullarımız var ki, onları dost və qardaş ölkələrlə paylaşmağa hazırıq. Bu əlaqələr də bildiyiniz kimi tanışıqla yaranır. Bir birimizi tanımaqla daha tez və sıx ünsiyyət yaratmaq mümkündür. Məsələn, götürək Azərbaycan və Pakistanı. Hər iki dövlətlə dünyada nümunə göstəriləcək qardaşlıq, dostluq münasibətlərimiz var. Amma hər bir dövlətin mexanizmləri fərqlidir, hər ölkədəki mədəniyyət fərqlidir, məhz bu baxımdan da ona uyğun bizim siyasət qurmağımız lazımdır.

İndi biz ixracatla bağlı işlərimizi genişləndirməkdəyik. Bu işi ən düzgün formada necə apara bilərik? Biz istədiyimiz budur ki, ixracat strategiyamızın mexanizmlərini yaradaq. Misal üçün, bəzi ölkələr deyir ki, məhsullarınızı kreditlə verin. Ancaq bizim ölkəmizdə müdafiə sənayesini dəstəkləyən kredit mexanizmi yoxdur. Bunun hüquqi tərəflərini yaratmaq lazımdır. Bəzi ölkələr dövlətdən- dövlətə satış tələb edir. Elə dövlətlər var müraciət edir ki, bizim filan məhsula çox təcili şəkildə ehtiyacımız var, inventarınızda olan məhsullardan verin. Bununla bağlı da bir mexanizmimiz yoxdur. Etiraf edim ki, bu və ya digər məsələrlə bağlı bir sıra çatışmazlıqlar mövcuddur. Bunların hamsını qeyd etmişik və analizlər aparmışıq. Bütün bunlarla əlaqədar olaraq, ixracın qarşısını kəsən və ya mane olan məsələləri həll edib, ixraca dəstək mexanizmlərini yaratmaq birinci hədəflərimizdəndir. Bunu da yaxın bir il ərzində həll edə biləcəyimizi düşünürəm.

Qazaxıstandakı müdafiə sənayesi ofisin bağlanması məsələsinə toxunmaq istəyirəm. Əslində o bağlanma deyil. Biz regional ofislərin işlərini bir qədər fərqli qurmuşduq. Şirkətlər üzərindən iş görürdük. Sonuncu dəfə qanununvericiliyə edilmiş dəyişikliklərdən sonra bizə xaricdə öz nümayəndəliklərimizi təsis etmək hüququ verildi. Başqa sözlə, indi Komitə olaraq xaricdəki səfirliklərimizə müdafiə sənayesi üzrə atteşe təyin edə biləcəyik. Hazırda bununla bağlı kadr məsələlərini nəzərdən keçiririk. Bizim nümayəndəmiz həmin ölkədə müdafiə sahəsindəki layihələri diqqətdə saxlayacaq, münasibətlərin dinamikliyini təmin edəcək, fəaliyyətləri koordinasiya edəcəkdir. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycan müdafiə sənayesi attaşesi göndəriləcək ilk dövlətlərdən biridir.

DSX-nin istifadəsində yer alan Türkiyənin “Otokar” şirkətinin istehsalı olan “Engerek” xüsusi təyinatlı avtomobil

Türkiyə müdafiə sənayesi olaraq Azərbaycanla bağlı nələr düşünürsünüz? ASELSAN, ROKETSAN və “Otokar” şirkətləri istisna olmaqla, Türkiyə müdafiə sənayesi Azərbaycanda məşhurlaşa bilmir. Başqa şəkildə desək, sanki Azərbaycan bazarına girə bilmir. Bunun həll edilməsi üçün hansı addımlar atmağı və necə bir üsul təbiq etməyi planlaşdırırsınız?

Biz Azərbaycanla müdafiə sənayesi sektorunda yetərli səviyyədə əməkdaşlığa malik deyilik. Baxmayaraq dil problemimiz, gediş-gəliş problemimiz yoxdur. İndi Azərbaycan tərəfinin istəklərini, oradakı mexanizmləri anlamağa çalışırıq. Eyni zamanda şirkətlərimizi Azərbaycana təşviq edirik. Məsələn, keçən illərdə ASELSAN bildirdi ki, Azərbaycanda bir layihə var. Lakin Azərbaycan yetkililəri reallaşdırmaq üçün vəsaitin olmadığını bildiriblər. Biz tapşırdıq ki, başlayın, layihəni həyata keçirin, sonra digər məsələlər barədə danışarıq.

Bu gün Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə təlimlər keçir, əməliyyat imkanlarını bir biri ilə uyğunlaşdırırlar. Hesab edirik ki, belə məqamlarda bir çox strateji layihələri birgə reallaşdırmaq lazımdır. Məsələn, Hərbi Hava Qüvvələri ilə bağlı qapalı mövzularda işləri birgə etməliyik. Bunu heç kimə etibar etmək olmaz. Radioelektron mübarizə ilə bağlı bir məsələni birgə reallaşdırmalıyıq. Bu məsələdə üçüncü tərəfdən nə isə almaq, yaxud nələrisə üçüncü tərəfə vermək kiməsə məxfi kompüterin parolunu vermək kimi bir şeydir.

T-129 ATAK helikopteri

Biz Bakıda rəsmi dairələrdən bu günədək Türkiyə müdafiə sənayesi ilə bağlı heç bir narazılıq eşitmədik. Prezident İlham Əliyevlə, müdafiə naziri Zakir Həsənovla görüşmüşük. Hər şey yüksək səviyyədədir. Azərbaycanda bizə qapılar açıqdır. Bu da bizi çox sevindirir. Biz Türkiyə olaraq Azərbaycana yalnız hansısa hərbi təyinatlı məhsulu satmağı düşünmürük. Birlikdə istehsalı, texnologiya transferini də təklif edirik. Azərbaycana bir çox təkliflərimiz var.

Son illərdə Türkiyə də Azərbaycanda silah idxal edir.

Doğrudur. Son illər Türkiyə Azərbaycandan müəyyən silahlar alıb. Yaxın zamanlarda Azərbaycandan sursat idxalına dair bir müqaviləni mən imzaladım. Bir çox şirkətlər təklif vermişdilər. Dedim ki, qardaş Azərbaycanda bu məhsul istehsal olunursa niyə başqasından almayılıq. Hesab edirəm ki, qarşıdakı illərdə bu həcm yeni məhsullar hesabına daha da genişlənəcəkdir.

Bir neçə il əvvəl kluarlarda belə bir söhbət vardı ki, Azərbaycan və Türkiyə müdafiə sənayesi məhsullarının ixracı üçün ortaq şirkət qurmaq istəyir. Bu ideyaya münasibətiniz necədir?

 Bu çox yaxşı olardı. Biz Türkiyə daxilində buna bənzər bir fəaliyyət həyata keçiririk. Misal üçün, kiçik şirkətlərimiz var. Məshulları var, amma xarici sərgilərdə iştirak edə bilmir. Biz bu cür məsələlərdə onları daha böyük şirkətlərimizlə birləşdiririk. Deyirik ki, misal üçün həmin kiçik şirkətin məhsulunu ASELSAN, TUSAŞ və ya başqa şirkətlər həmin sərgiyə aparıb, nümayiş etdirsin. İki ölkənin müvafiq istehsalçı qurumları arasında razılaşma olarsa, biz bu metoddan da istifadə edərək birgə ixractı həyata keçirə bilərik.

Əvvəlki illərdə baş verənlər göstərdi ki, Türkiyə müdafiə sənayesinin xaricə bağlılığı müəyyən məhsulların ixracatında problemlər ortaya çıxarır. MKE-nin mühərriklə əlaqədar Azərbaycana T-155 “Fırtına” haubitsalarını sata bilməməsi sanki bir növ imtahan oldu. Müdafiə sənaysində millilik səviyyəsinin artırılması, eləcə də xaricə bağlılığın aradan qaldırılması istiqamətində atılan addımlar barədə nələri söyləyə bilərsiniz?

Bu işlər mərhələli şəkildə həyata keçirilir. 1990-2000-ci il arasında biz ancaq məhsulları yaratmağa, hazırlamağa çalışırdıq. 2000-ci ildən etibarən öz məhsullarımızı istehsal etməyə başladıq. Son 15 ildə “Altay” tankı, MILGEM korveti, “Hürkuş” təlim təyyarəsi, T-129 ATAK helikopteri, SOM raketi, “Anka” və “Bayraktar” PUA-ları kimi müxtəlif strateji məhsullarımızı ortaya qoyduq. Bu məhsullar ilk növbədə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuşdu. Daha sonra ixracat məsələsi gündəmə gəldi və biz bu istiqamətə yönəlməyə başladıq. Bu zaman xaricə bağlılıqdan bəzi problemlərin ortaya çıxdığını gördük. Probelmlərdən biri də “Fırtına”dakı kimi məhz mühərriklə bağlı oldu. Biz bu problemin həlli yollarını axtardıq və gələcəkdə eyni aqibəti yaşamamaq üçün milli imkanlar hesabına mühərriklərin yaradılmasına qərar verdik. Hazırda Türkiyədə raket mühərrikindən tutmuş, zirehli maşın, tank, helikopter, gələcəkdə təyyarə mühərriklərinin istehsalınadək layihələri reallaşdırmaq istiqamətində işlər aparılır. Bir-iki ilə bu sahədəki inkişafın şahidi olacağıq.

Onu da qeyd edim ki, sadəcə mühərrik deyil, platforma daxilində ehtiyac duyulan alt sistemlərlərlə bağlı qarşımıza hansı problemlər çıxırsa, onları öz gücümüz, qüvvəmiz, bacarığımızla mükəmməl şəkildə həll etməyə çalışırıq. 2023-cü ilə qədərki hədəflərimizdən biri də ixracatda böyük bir sıçrayış etməkdir. Böyük ehtimalla bəlkə 3 il sonra,  tankımızı satmaq istəyəndə, öz istehsalımız olan mühərriklə, özümüzün hazırladığımız güc paketi ilə təqdim edəcəyik.

“Fırtına” mövzusu Azərbaycan və Türkiyə arasında gündəm də qalırmı?

 Bu gün etibarı ilə “Fırtına” ilə bağlı məsələlər həll edilmiş vəziyyətdədir. Qarşıya çıxan problemlər həll olunub. MKE “Fırtına”nın mühərriki ilə bağlı alternativlərini hazırlayıb. Orada Ukrayna mühərriki təklif olunur. Digər tərəfdən hibrid mühərrik hazırlanması ilə bağlı fikirlər də var.

Qaldı mövzunun Azərbaycan tərəfi ilə müzakirə olunub olunmamasına, bunu deyə bilmərəm. Bizim şirkətlər yeni artilleriya sistemləri üzərində işləyir. Bəlkə də Azərbaycan yetkililəri “Fırtına”nı yaddan çıxarıb, bu yeni sistemlərlə daha yaxından maraqlanacaqlar.

Azərbaycan Dəniz Qüvvələrinin yeni gəmi inşası layihəsi var. Bununla bağlı digər ölkələrdən də, təkliflər gəlib ancaq son üçlüyə qalanlar arasında Türkiyənin “Dearsan” şirkəti də var. Dəniz sahəsində Azərbaycanla əməkdaşlıq imkanlarını necə görürsünüz?

Bundan əvvəl rəhbərimizlə birlikdə Azərbaycanda səfərdə olarkən, qeyd etdiyiniz proqramlarla bağlı irəliləyiş olmadığı bildirildi. Bundan sonra biz gözləmə mövqeyinə çəkildik. Biz bu məsələ unutmamışıq. Dəniz sahəsində bu il Pakistanla 4 ədəd MİLGEM korvetinin ixracına dair müqavilə imzaladıq. Oxşar layihəni Azərbaycanla da icra etməyə hazırıq. Dəniz seqmentində bir tələb olarsa, Türkiyə olaraq hər cür dəstəyi göstərməyə hazırıq. Bizim ən güclü olduğumuz sahələrdən biri də məhz dəniz platformalarının yaradılması və istehsalıdır.

Birgə istehsal, texnologiya transferi barədə danışdınız. Hazırda gündəmdə belə layihələr varmı?

Bildiyim qədəri ilə yoxdur. Hansısa təklif gələrsə, biz hər zaman hazırıq. Biz hər zaman deyirik ki, müəyyən olunmuş və hazırda icra etdiyimiz proqramlar var. Misal üçün biz mühərrik isteshal edirik, əgər istəyirsinizə iştirak edə bilərsiniz. Yaxud F-16 təyyarələri üçün AESA radarın hazırlanması layihəsinə dəvət etdik. Milli döyüş təyyarəsi hazırlayırıq bununla bağlı da bəyan etmişik, əgər Azərbaycan, Pakistan, Qətər qatılmaq istəyirlərsə sizləri proqrama qəbul etməyə hazırıq. Yaxud bu ölkələr hər hansı proqramlarında iştiraka bizi dəvət edərsə, iştirak edə bilərik.

Biz Türkiyə olaraq müdafiə sənayemiz mövcud olmayan zamanlarda çox ölkə ilə çalışdıq. Acı təcrübəələri də yaşadıq. Gördüklərimizdən deyə bilərəm ki, bir çox dövlətlər var ki, şirkətləri səs-küylə, texnologiya verərəm deyib layihələrə qatılırlar. Ancaq işin gedişatında məlum olur ki, kiməsə texnologiya vermir, yalnız məhsul satırlar. Texnologiyanın transferi yazılan bəndlər gördüyümüz qədər ilə kağız üzərində qalır.  Ona görə, birlikdə öz texnologiyamızı inkişaf etdirməliyik.