18/02/2014 06:35

SSM idarə müdiri: Azərbaycan FNSS şirkətindən “Samur” səyyar üzən körpülərin alınmasına dair müzakirələr aparır

Azərbaycan Silahlı Qüvvələri Türkiyədən FNSS şirkətindən “Samur” səyyar üzən körpülərin alınmasına dair müzakirələr aparır. “AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Yakup Taşdelen bildirib.

“Samur” üzən səyyar üzücü körpülərin Türkiyə Ordusunda istifadə olunduğunu deyən Y. Taşdelenin sözlərinə görə, ə Azərbaycan nümayəndə heyəti Türkiyəyə səfər edərək bu sistemə maraq göstərib.

“Türkiyə bu sistemləri Azərbaycana sata bilər. Biz Azərbaycan müdafiə sənayesinin nə tələbatları varsa, bu istiqamətdə əməkdaşlıq etməyə hazırıq”, – deyə Taşdelen vurğulayıb.

Dekabr ayında keçirilmiş Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclasında Azərbaycanın liman və tərsanə qurulması məsələsini gündəmə gətirdiyini deyən Taşdelen bu məsələdə Azərbaycana yardım etməyə hazır olduqlarını vurğulayıb.

Türkiyənin Milli Piyada Tüfəngi (MPT) layihəsində iştirakla bağlı Y.Taşdelen bildirib ki, Azərbaycana bununla bağlı tələb olunan məlumatlar verilib və hazırda Türkiyə cavabını gözləyir: “Biz Azərbaycanın bu tüfənglərə ehtiyac duyulduğunu bilirik. Lazım olsa onların tam olaraq, ya da müəyyən hissələrin burada istehsalı və ya yoxlama prosesini də təşkil etmək mümkündür”.

SSM rəsmisi Türkiyə şirkətlərinin bu ilin sentyabr ayında Azərbaycanda keçiriləcək birinci ADEX-2014 beynəlxalq müdafiə sərgisində iştirak edəcəyini söyləyib. Artıq sərgidə 20 şirkət iştirakını təsdiqləyib.