09/11/2017 14:14

STM “PiriSat” nanopeykini ilk dəfə nümayiş etdirir

Türkiyə müdafiə sənayesinin tanınmış firmalarından olan STM 9-10 noyabr tarixlərində İstanbulda keçirilən “Global SatShow” sərgisində kosmik texnologiya məhsullarını nümayiş etdirir.

Bu barədə “AzeriDefence”yə STM şirkətindən məlumat verilib.

Sərgidə ilk dəfə STM yeni “PiriSat” nanopeyk platformasını təqdim edir. İlk milli nanopeyk “PiriSat” kosmik avtomatik identifikasiya sistemilə (OTS) gəmilərə açıq dənizdə və təhlükəli sularda daha etibarlı naviqasiya tədbiqinə imkan verəcək.

STM mütəxəssislərinin sözlərinə görə, “PiriSat” Türkiyənin təcili görüntü ehtiyaclarını aşağı maliyyə xərcləri ilə qarşılayacaq imkanlara malikdir. STM tərəfindən milli imkanlar hesabına hazırlanan 6U ölçüsündəki (10cm x 20cm x 35cm) “PiriSat” nanopeyk platforması və kosmik avtomatik identifikasiya sistemi Türkiyədə ilk dəfə tədbiq olunacaq. Həmçinin OTS məlumat peykini təmin edəcək “PiriSat” sistemin ilk platforması olacaq.

İlk dəfə IDEF 2017 sərgisində təqdim olunan Türkiyənin ilk milli “Lagari” mikropeyk platforması da “Global SatShow” sərgisində nümayiş olunur. “Lagari” hədəfə sürətli yönəlmə qabiliyyətinə sahib yeni yönəlmə kontrol sistemi və müsir kamera ilə təchiz olunub. Analoqlarından fərqli olaraq “Lagari” dünyada çəki və həll optimizasiyası baxımından ilk peyklərdən hesab olunur.

Bildirilib ki, 2019-cu ildə kosmosa göndərilməsi planlaşdırılan “Lagari” aşağı maliyyə və təcili görüntü imkanları ilə Türkiyənin bu sahədə daha müstəqil hərəkət etməsini təmin edəcək.

STM “Lagari”ni  kosmosa göndərdikdən sonra, 4-8 peykli bir sistem anlayışı ilə layihəsini genişləndirməyi nəzərdə tutub.