21/01/2018 20:24

STM şirkətinin kamikadze dronları Türkiyə xüsusi təyinatlılarının silahlanmasına verilib

Türkiyənin STM şirkəti tərəfindən istehsal edilən “Karqu” adlı kamikadze dronun ilk partiyası silahlı qüvvələrə təhvil verilib.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Katibliyi öz sosial media hesabında bildirib.

“Təhlükəsizlik qüvvələrimizin real vaxt rejimində hədəfi aşkarlama, izləmə və məhv etmə qabiliyyətinin yüksəldilməsi üçün Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı və Dəniz Qüvvələri Komandanlığına rotorlu zərhə PUA-sı olan “Karqu”nun çatdırılması reallaşdırılıb”, – deyə məlumatda qeyd olunub.

Kəşfiyyat, müşahidə və hədəfə zərbə endirilməsi üçün nəzərdə tutulan “Karqu” müxtəlif növ döyüş başlıqları ilə təchiz oluna bilir. Kamikadze dron gündüz və gecə əməliyyatlarında istifadə üçün lazım olan avadanlıqlarla təchiz edilib. Uçuş mənzili 5 km, uçuş tavanı 1000 metr təşkil edən “Karqu” havada 10 dəqiqə qala bilir. Çəkisi 6285 qram təşkil edən dronun sürəti 72 km/saatdır.