23/01/2018 15:37

Sumqayıtda 20 ədəd top mərmisi tapılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyə (ANAMA) yanvarın 22 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən beton zavodunun ərazisinə baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 20 ədəd 125 mm-lik top mərmisi (BK-14M) aşkar olunub. Havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat yanvarın 23-də davam etdirilib, nəticədə aşkar olunmuş mərmilər götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş top mərmilərinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 23 yanvar 2018-ci il tarixlərində Ağdam, Ağstafa, Tərtər, Qazax, Naftalan, Lənkəran rayonları və Sumqayıt şəhəri ərazisində 4 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, 1 otlaq sahəsinə, su kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 30 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 8 540 kv.m ərazi yoxlanılıb.