30/03/2018 11:51

Sumqayıtda partlamış minaatan və top mərmiləri aşkarlanıb

Martın 29-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Sumqayıt şəhəri, Beton zavod adlanan ərazidə mərmi tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamış top mərmisi aşkar olunub və götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bundan başqa, martın 30-da Agentliyə Sumqayıt şəhəri ərazisində mərmi tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Sumqayıt Texnologiyalar Parkının 3-cü Metaləritmə (STP-3) zavodunun ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış minaatan mərmisi aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.