19/10/2017 12:13

Suriya Ordusunun məşhur generalı mina partlayışı nəticəsində həlak olub

Suriyanın Deyr əz-Zor şəhərində ölkənin əfsanəvi komandirlərindən sayılan general-mayor İssam Zahirəddin mina partlayışı nəticəsində ölüb.

“AzeriDefence” Rusiya mətbuatına istinadən xəbər verir ki, Suriyalı general Deyr əz-Zorda İŞİD-ə qarşı əməliyyatlar keçirilən zaman avtomobilinin altında mina partlaması nəticəsində həlak olub.

Üç il ərzində mühasirədə olan Deyr əz-Zor şəhərini azsaylı bir qüvvə ilə İŞİD hücumlarından müdafiə edən general, cəbhədə öz əsgərləri ilə birlikdə döyüşdüyünə görə, daima Suriya xalqı tərəfindən sevilib və onların maraq dairəsində olub. Suriyada igidliyi və cəsurluğu ilə ad qazanan general İssam Zahirəddin Deyr əz-Zor şəhərinin mühasirədən çıxardığı üçün Suriya prezidenti Bəşər Əsəd tərəfindən mükafatlandırılmışdı.

General İssam Zahirəddin 1961-ci ildə Suveyda əyalətinin Tarbasın kəndində doğulub.

Xatırladaq ki, sentyabrın 23-də Suriya Ordusunda Rusiya hərbi müşavirlər qrupunun rəhbəri, general-leytenant Valeri Asapov da Deyr əz-Zor ərazisində İŞİD terror qruplaşması tərəfindən minaatanlardan atılan mərmilərin partlaması nəticəsində həlak olmuşdu.