14/04/2017 19:39

T-155 “Fırtına” haubitsaları üçün alternativ güc paketi təklif olunur

Bu “Fırtına”ların Azərbaycana ixracatındakı əngəli aradan qaldıracaq

“Ukroboronprom” Dövlət Konserninin Türkiyə təmsilçisi olan “Delta Defence” şirkəti 155 mm/52 kalibr T-155 “Fırtına” özüyeriyən haubitsalarının təchiz edilməsi üçün 1050 at gücünə malik 5TDFMA-1 dizel mühərriyi və avtomat transmissiyadan ibarət alternativ güc paketini mart ayında təqdim edib.

“Delta Defence” şirkətinin baş direktoru Sərdar Özyurt MKE baş direktoru və heyəti ilə gerçəkləşdirdiyi toplantıda əllərində mövcud olan 5TDFMA-1 mühərrikinin üzərində ediləcək bəzi dəyişikliklərlə “Fırtına” özüyeriyən haubitsalarına uyumlu hala gətirilə biləcəyini və bununla haubitsanın ixracındakı bütün əngəllərin aradan qalxacağını bildirib.

“MKE yetkililəri də bu sayədə başda dost və qardaş ölkəmiz Azərbaycan olmaq üzərə, mövcud və gələcəkdəki sifarişlərin sürətli şəkildə təhvil verilməsini duymaqdan məmnun olduqlarını bildirdilər. Dövlətimiz və qardaş ölkə Azərbaycan üçün hər cür dəstəyi verməyə hazırıq. Bu mövzuda dövlətimizdən tapşırıq gözləyirik”, – deyə S. Özyurt qeyd edib.

Sərdar Özyurt

“Fırtına” özüyeriyən haubitsaları üçün təklif olunan alternativ güc paketi qeyd edildiyi kimi 5TDFMA-1 dizel mühərrik və 7 irəli, bir geri ötürməli avtomat transmissiyadan ibarətdir. 1050 at gücünə malik 5TDFMA-1 dizel mühərriyi 5 silindrli, 2 etaplı, yana maili, turboşarjlı, birbaşa hava soyutmalı mühərrikdir. Mühərriyin əsas avantajı +55 °C istidə və dəniz səviyyəsindən hündürlükdə tam gücünü itirmədən çalışa bilməsidir. 5TDFMA-1 mühərriyinin eni 581 mm, hündürlüyü 955 mm, uzunluğu 1413 mm, yanacaq sərfi 165 qram/at saat olaraq göstərilir. Təklif olunan avtomat transmissiya mühərrik üzərinə qurulmuş halda istehsal olunur. Bunun nəticəsində ayrılıqda mühərrik-transmissiya inteqrasiyasına ehtiyac duyulmur. Təklif olunan güc paketi 45 ton ağırlığında hərbi texnikanı 65 km/saat sürətlə 500 km məsafəyə daşıya biləcəyi istehsalçı tərəfindən ifadə olunub.