25/10/2017 17:39

TAI şirkəti Dubay aviasiya sərgisi və şousunda iştirak edəcək

Türkiyənin TAİ şirkəti 12-16 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Dubai Airshow-2017” beynəlxalq aviasiya sərgisi və şousunda müxtəlif hava platformalarını sərgiləyəcək.

Bu barədə “AzeriDefence”yə TAI şirkətindən məlumat verilib.

Sərginin açıq ekspozisiyasında orta hündürlükdə və uzaq məsafəyə (MALE) uça bilən “Anka” pilotsuz uçuş aparatı, “Hürkuş” yeni nəsil təlim təyyarəsi və T625 yüngül çoxməqsədli helikopter ziyarətçilərə təqdim olunacaq.

Bundan başqa TAI şirkəti Dubay səmalarında T-129 ATAK taktik kəşfiyyat və zərbə helikopterinin uçuş qabiliyyətlərini nümayiş etdirəcək. Bildirilib ki, T129 ATAK helikopteri ilk dəfə “Dubai Airshow-2017” sərgisində nümayiş olunacaq.

Məlumatda o da qeyd olunub ki, TAI şirkəti 2017-ci il 6-9 noyabr tarixlərində Taylandda keçiriləcək Müdafiə və Təhlükəsizlik Sərgisində də T-129 ATAK və T625 helikopterləri, “Anka” PUA, “Hürkuş” təyyarəsi və Türkiyənin milli döyüş təyyarəsinin (TF) maketlərini sərgiləyəcək.