08/02/2014 10:36

TAI şirkətinin direktoru: Türkiyənin Azərbaycana verə biləcəyi məhsullar var – MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi prezident İlham Əliyev Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyənin TAI şirkətinə baş çəkərək burada istehsal edilən müxtəlif aviasiya vasitələri və kosmik sistemlərlə tanış olub. Səfər çərçivəsində prezident T-129 ATAK helikopteri və “Hürkuş” təlim təyyarəsinin uçuşlarını izləyib. Səfərdən sonra AZERİ DEFENCE jurnalının suallarını cavablandıran TAI-nin baş direktoru Məhərrəm Dördqaşlı rəhbərlik etdiyi şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə danışıb.

– Məhərrəm bəy əvvəlcə TAI şirkəti barədə Azərbaycan oxucularına məlumat vermənizi xahiş edirik. TAI-nin keçdiyi yol barədə nələri söyləyə bilərsiniz?

– TAI və yaxud bizim türkcə ifadə etdiyimiz TUSAŞ 1984-cü ildə, F-16 təyyarələrinin istehsalı məqsədi ilə Amerika ilə ortaq müəssisə olaraq qurulub. 2005-ci ilin yanvar ayında Türk ortaqlığı Amerikanların səhmlərini satın aldı və həmin ildən şirkətimiz tamamilə milliləşdi.
Bu gün TAI-dəki fəaliyyətimizi iki hissəyə ayıra bilərik: birincisi dünya aviasiya sənayesi ilə birgə həyata keçirdiyimiz işlər və həyata keçirilən ixracatlar, ikincisi isə milli, özümüzə məxsus sistemlərin yaradılmasıdır. Sonuncuya milli təyyarə, helikopter, pilotsuz uçuş aparatı (PUA), peyklərin istehsalı daxildir. Məhsul portfeli baxımından geniş imkanlara malik şirkət olduğumuzu deyə bilərəm. Hazırda şirkətimiz dünyanın 100 böyük müdafiə firması arasında 85-ci yerdə qərarlaşır. 2011-ci ildə endossamentimiz 800 milyon dolları keçib. Bu gün artıq bizim layihələrin çətin dövrləri geridə qalıb. “Anka”, “Hürkuş” kimi bəzi məhsulların sifarişlərini almışıq. ATAK helikopteri layihəsində isə son mərhələdəyik. Özümüzün milli helikopterimizin yaradılması layihəsinə start verdik. Milli peykimizi ötən il kosmosa göndərmişdik və yeni peyklər üzərində çalışırıq. Hazırda TAI-də təxminən 4600 nəfər çalışır ki, onların 1600-ü mühəndisdir. Deyə bilərəm ki, ixracat baxımından da sektorumuzda ilk sıradayıq.
TAI eyni zamanda F-16 təyyarələrinin yerləşdiyimiz coğrafiyada yeganə istehsalçısı və modernləşdirən şirkətdir. Bu günə qədər Türkiyə Silahlı Qüvvələri üçün 270 ədəd, Misir üçün 46 ədəd F-16 istehsal etdik. Türkiyə Hərbi Hava Qüvvələri və İordaniya Hava Qüvvələri üçün F-16-ların modernləşdirilməsini həyata keçirdik. Hazırda Pakistan Hava Qüvvələrinin F-16 təyyarələrinin modernləşdirilməsi işləri davam edir.

– Son illərdə Türkiyə müdafiə sənayesində başladılan böyük layihələrin bir çoxunda TAI-nin imzası var. Başlayaq T-129 ATAK ilə. Son zamanlar bəzi mətbuat orqanlarında ATAK-ın testlərində problemlər yaşandığını və bu səbəbdən Türkiyə Quru Qoşunlarının helikopterdən imtina etdiyinə dair xəbərlər yayılıb.

– Bu gün bazarda bizim helikopterin rəqibləri var və böyük ehtimalla xəbərlərin dövriyyəyə ötürülməsi onların xeyirlərinə işləyən məsələdir. Ticarət dünyasında buna bənzər hadisələr daim yaşanır. ATAK-ın test qəbulları davam edir və nəticəyə çox yaxınlaşmışıq. Bu cür müasir bir məhsulun istehsalını Türkiyə sənayesi olaraq bəlkə də ilk dəfə həyata keçiririk. Təhvil alan qurum da çox həssaslıqla yanaşır. Bu səbəbdən onlar təhvil prosesini tam həyata keçirə bilmədilər. Başqa sözlə, ilk helikopter olduğu üçün təhvil-təslim prosesi xeyli uzun sürdü. Helikopterlə bağlı Silahlı Qüvvələr tərəfindən təhvil-təslim prosesinin uzanmasına rəğmən, hər hansı bir narazılıq, performans kriteriyalarına uyğunsuzluğu, uçuş əmniyyəti kimi problemlər yoxdur. Aşağı-yuxarı 2 min saat üzərində uçuşlar reallaşdırılıb. Həqiqətən ATAK çox gözəl bir helikopter oldu. Əminliklə deyə bilərəm ki, ATAK Amerikada və Avropadakı analoqlarından daha yüksək texnologiyaya sahibdir. Həm qiymətlər münasibdir, həm də öz performansına görə rəqiblərindən çox irəlidədir. Qüvvətli mühərriki helikopterə həm isti havalarda, həm də yüksək hündürlükdə uçmağa imkan verir. Silahlanmasına gəlincə, bura top, idarə olunan və olunmayan raketlər, tank əleyhinə raketlər, “hava-hava” raketləri daxildir. Silah yükünə 600 ədəd 20 mm çaplı mərmi, 76 ədəd idarə olunmayan raket, hər tərəfdə 4 ədəd olmaqla, 8 ədəd idarə olunan raket, 4 ədəd tank əleyhinə raket, eləcə də “hava-hava” tipli raket daxildir. Ümumilikdə Silahlı Qüvvələrimiz ATAK-ı seçənə və bu yerə gətirənədək 10 il çalışdı.

– Yayılan məlumatlarda ATAK-ın üzərindəki yük yüngülləşdikdən sonra helikopterdə titrəyişin yarandığı, bunun aradan qaldırılması üçün əlavə yük qoyulduğu bildirilir.

– Helikopterlər təyyarə deyil. Onlar hər zaman titrəyişə məruz qalırlar. Bu xəbərdə nə demək istənildiyini, nə söylənildiyini anlaya bilmirəm.

– Azərbaycan prezidenti TAI-də ATAK-la maraqlandı. Azərbaycandan bu helikopterə maraq necədir? Tələb varmı? Məlumatlar vardı ki, Azərbaycana qiymətlər təklif olunub.

– Cənab prezidentlər İlham Əliyev və Abdullah Gül ATAK-ın uçuşlarını izlədilər, onlara brifinqlər verildi. Bu helikopterin Azərbaycan üçün bir avantaj olacağını düşünürəm. Bu mənim şəxsi qənaətimdir. Qiymət təklifindən isə xəbərim yoxdur. Bu görüşmələr hökumət üzərindən həyata keçirilir. Ola bilsin ki, Azərbaycan tərəfi Türkiyə Müdafiə Nazirliyindən bununla bağlı bilgi istəyib. Belə olan halda bu bizim proqramın Azərbaycan hökumətinin mənafelərinə uyğun genişləndirilməsinə səbəb ola bilər.

– ATAK-ın mühərriki ABŞ istehsalı olduğunu nəzərə alsaq, Azərbaycana ixracında problemi yaşanmaz ki?

– Düşünmürəm ki, ixracatda hansısa problemlər çıxsın. Müxtəlif yerlərdə biz ATAK-ın bazara çıxarılması istiqamətində işlər aparırıq. Belə bir sıxıntını düşünmürəm. Hazırda ATAK ilə yaxından maraqlanan 3-4 ölkə var.

– “Anka” PUA layihəsi hansı mərhələdədir?

– “Anka”nın testləri bitdi. Türk Hava Qüvvələri bununla bağlı bizə seriyalı sifariş verib. On ədəd “Anka”nın çatdırılmasına və logistik xidmətlərin göstərilməsinə dair müqavilə imzaladıq və istehsala başladıq.

– “Anka”nın uçuş müddətinin artırılması üzərində də işlər aparılırdı…

– Bu fəaliyyətlərimiz davam edir. Hədəfimiz uçuş aparatının havada 24 saat qalmasını, 30 min fut yüksəkliyə qalxmasını təmin etməkdir. Prototip testləri keçirilərkən bununla bağlı kiçik məsələlər qalmışdı. “Anka” testlərdə dəyişik yüklərlə 21-22 saat uçdu və 27 min fut yüksəkliyə qalxdı. Üstündən 6-7 ay keçib. İndi burada çox az fərq var. Qeyd edim ki, indiyədək aparat yerdən link ilə idarə olunduğundan hərəkət radiusu da linklə məhdudlaşırdı. İndi qeyd olunan problemi aradan qaldıracaq fəaliyyətlər yürüdürük. Bu PUA-nın idarəetməsi peyk üzərindən təmin olunacaq.

– “Anka”nın silahlandırılması istiqamətində hansı işlər görülür?

– “Anka”nı biz ISR məqsədi ilə hazırlamışıq. İndi “Anka”nın “abisi” (“böyük qardaşı”) deyilə biləcək daha böyük ölçülü PUA üzərində çalışırıq. Bu PUA üzərinə silah inteqrasiya etmək imkanımız mövcuddur. Hazırda qeyd etdiyim PUA üzərində silahları yoxlayırıq.

– IDEF-2013 sərgisində TAI Türkiyənin ilk milli döyüş təyyarəsinin 2023-cü ilə hazır olacağını bəyan etmişdi. Bu müddət sizcə uzaq deyil ki?

– İlkin araşdırmaları hazırlayıb doqquz fərqli formada SSM və Hava Qüvvələrinə göndərdik. İlin sonuna qədər bu təkliflər öyrəniləcək və daha sonra müqaviləni imzalayacağıq.
Biz yeni döyüş təyyarəsi layihəsində Rusiya və Ukraynanın mühərrik məsələsində alternativ ola biləcəyini düşünürük. Adıçəkilən ölkələrin firmaları ilə bu məsələyə dair görüşlərimiz oldu. Arzu olunan səviyyədə olmasa da görüşmələr davam edir. İndi yalnız onu deyə bilərəm ki, bizim bu təyyarə stels özəlliyinə sahib, döyüş sursatlarını qapalı şəkildə daşıyan 5-ci nəsil döyüş təyyarəsi sayılacaq.

– “Hürkuş” proqramı üzrə ilk sifarişi aldınız. Bu proqramla bağlı vəziyyət necədir?

– İlk uçuşunu avqust ayında keçirən “Hürkuş”un testləri davam edir. “Hürkuş” eyni zamanda Avropa Aviasiya Komitəsinin nəzarətində olan bir məhsulumuzdur. Bu arada Türkiyə hökuməti 15-i dəqiq və 40 ədəd gözlənilən olmaqla ilk sifarişini verdi. “Hürkuş”un mühərriki qüvvətli olduğu üçün bir neçə ton raket və döyüş sursatı qaldıra bilir. İndi bununla əlaqədar “Hürkuş”un silahlandırılmış versiyası üzərində də çalışırıq. Silahlı “Hürkuş” “Super Tucano”ya bənzər bir təyyarə olacaq.

– TAI-nin məhsul portfelinə nəzər yetirdikdə hədəf təyyarələri və rotorlu PUA-ları görürük. Bu sahədə mövcud potensialınızla bağlı nələri söyləyə bilərsiniz?

– Başlayım rotorlu PUA-lardan. Bu PUA-lar gəmilərdən qalxıb-enə bilir. Dəniz Qüvvələri, Quru Qoşunları, Sahil Təhlükəsizlik və sərhəd mühafizə qüvvələri tərəfindən müxtəlif tapşırıqların icrasında istifadə olunma xüsusiyyətlərinə malikdir. Biz bu modeli əvvəlcə bir helikopteri insansız vəziyyətə gətirməklə hazırladıq. Avtopilotunu özümüz hazırladıq. Hazırda 10, 30, 300 kq və bir neçə ton çəkidə çəkili helikopter tipli PUA hazırlamaqdır. Biz eyni zamanda 5 tonluq mülki və hərbi təyinatlı helikopter üzərində işləyirik. Burada ara məhsul olaraq, milli transmissiya və motorla təchiz olunmuş 1 ton yarımlıq helikopter istehsal etməyi düşünürük. Onu da insansızlaşdıra biləcəyik.
Hədəf təyyarələrinə gəlincə, qeyd edim ki, 15-20 ildir “Durna” adlı dronumuz (hədəf təyyarəsi -AD) Türkiyə Silahlı Qüvvələrinin inventarındadır. Piston motorlu bu dronlar 180 mil sürət yığa, 1 saat havada qala, 50 km məsafəyə hərəkət edə bilir. “Durna” Quru Qoşunları və Hava Hücumundan Müdafiə Qüvvələrinin atış testlərində təcrübədən keçirilib. Yeni dronumuz “Şimşək” isə 400 mil sürətə malik Hava Qüvvələrinin hava-hava, dəniz qüvvələrinin havadan müdafiə konsepsiyasında istifadə edə biləcəyi məhsuldur. “Şimşək”in test uçuşları davam edir. Qısa zamanda məhsul sertifikasiyanı tamamlayacaq.

– Azərbaycandan sizin məhsullara maraq necədir?

– Azərbaycandan bizim məhsullara bəlli bir marağın olduğunu, lakin indiyədək bir müqavilənin imzalanmadığını deyə bilərəm. Cənab prezidentin TAI-yə səfəri ilə bu prosesin sürətlənəcəyini düşünürəm. Bizim kimi tək millət olan iki dövlət arasında əlaqələrin bu mənada artmasının lazım olduğunu düşünürük. Ümidimiz bu əməkdaşlığın sözdə qalması deyil reallaşmasıdır. Bu gün Türkiyə keçmiş Türkiyə deyil. Türkiyənin qərb standartlarına uyğun istehsal etdiyi və Azərbaycana verə biləcəyi məhsullar var. Azərbaycan Türkiyə kimi problemli coğrafiyada yerləşir və ona görə də qüvvətli olması lazımdır. Biz öz məhsullarımızı qarşılıqlı işbirliyi çərçivəsində özümüz istehsal edə biləriksə daha güclü ola bilərik.
Səfər zamanı prezidentin suallarına detallı cavab verdik. Mən müdafiə sənayesi sahəsində əməkdaşlığı dostluq və qardaşlıq səviyyəsinə gətirməliyik.

“Azeri Defence” jurnalı № 06 (08)