10/09/2013 04:23

Tanımadığımız Bakı xilaskarları – KİMLƏRDİR

1918-ci ildə Bakının bolşevik-daşnak qüvvələrindən təmizlənməsi Azərbaycanın hərb tarixinin mühüm hadisələrindən sayılır. 23 aylıq mövcudiyyəti dönəmində Azərbaycan hərb tarixinə yazılmış Göyçay, Bakı, Muğan və Əsgəran uğurlu döyüş əməliyyatlarının, eləcə də 1920-ci ildə bolşeviklərə qarşı bölgələrdə baş verən üsyanların ayrılıqda hər birinin təşkilində, həyata keçirilməsində Qafqaz İslam Ordusunun təcrübəli zabitlərinin mühüm və danılmaz rolu olub.
Bakının işğaldan azad edilməsindən danışdıqda bu gün əsasən Osmanlı hərbiyyə naziri Ənvər Paşa, Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa, Azərbaycan Ordusunun ilk komandanı general Əliağa Şıxlınski xatırlanır. Maraqlısı odur ki, Birinci Dünya Müharibəsi zamanı Qafqaz cəbhəsində əsir alınaraq Nargin adasına sürgün edilmiş onlarla türk zabiti 1918-ci ilin əvvəllərində yerli əhalinin köməyi ilə əsirlikdən qaçaraq Azərbaycan Ordusunun əsasını təşkil edən könüllü dəstələrin və sonrakı mərhələdə ordunun formalaşmasında yaxından iştirak ediblər. Azərbaycan ərazilərinin azad edilməsi uğrunda döyüşlərin idarə olunmasında və aparılmasında, qələbə ilə sonuclanmasında mühüm rol oynamış, eləcə də Azərbaycan Ordusunun təşkilində zəhməti olmuş Xəlil Kut Paşa, Mürsəl Paşa, Yaqub Şevki Subaşı, Cəmil Cahit Toydəmir, Süleyman İzzət Yeğin kimi zabitlər barədə isə təəssüflər olsun ki, ictimaiyyətimiz məlumatsızdır. Bu yazımızda da məhz Bakının xilaskarı olan, çoxlarımızın tanımadığımız bu komandanlardan bəhs edəcəyik.

Qeyd edək ki, İngiltərə Müdafiə Nazirliyinin 1919-cu ildə İstanbul, Bağdad və Qahirədəki diplomatlarına göndərdiyi məxfi teleqramda cəzalandırılması istənilən, “qara siyahı”dakı türk komandanlarının 4-ü – Nuri Paşa, Xəlil Paşa, Mürsəl Bakı, Yaqub Şevki Subaşı (Qafqaz 9-cu ordu komandanı) Azərbaycanın işğaldan azad edilməsində əməyi keçən şəxslər olub.

İngilis Ordusunun qənimi

Dünya müharibəsində ağır duruma düşməsinə, hətta müttəfiqi Almaniyanın etirazlarına baxmayaraq Osmanlı dövləti 1918-ci ilin iyununda Azərbaycana hərbi yardım göstərməyə və ordu göndərməyə qərar vermişdi. Hərbi naziri Ənvər Paşanın kiçik qardaşı, 29 yaşlı polkovnik-leytenant Nuri Killigilin komandanlığı altında Qafqaz İslam Ordusu yaradılır. Ordunun formalaşdığı dövrdə Nuri Killigilə general-mayor rütbəsi verilir. Azərbaycana yola düşən bu ordunun ilk heyəti 149 zabit və 488 əsgərdən ibarət olur. Daha sonra Şərq Orduları Qrupundan 11-ci tümən və 5-ci Qafqaz piyada tüməni bu ordunun tərkibinə daxil edilir. Ənvər Paşa əmisi Xəlil Paşanı da Qafqaz İslam Ordusunun rəhbərliyinə təyin edir.

Osmanlı son dönəm hərb tarixində Kut-əl-Ammare qəhrəmanı olaraq tanınan Xəlil Kut Paşa İttihad və Tərəqqi təşkilatının üzvü olub. 1882-ci ildə İstanbulda anadan olmuş Xəlil Paşa Birinci Dünya Müharibəsində İraq cəbhəsində uğurlu döyüşləri və Bakının azad edilməsində əməliyyatları ilə yadda qalıb. 1916-cı ilin aprel ayında İraqdakı 6-cı Ordunun komandanı təyin olunmuş Xəlil Paşanın hazırladığı plan nəticəsində Kut-əl Ammare qəsəbəsinə sığınmış ingilislərin general Çarles Tounşendin komandanlığı altında 13 general, 481 zabit və 13100 əsgər əsir götürülür. Kut döyüşlərində Osmanlı ordusu 350 zabit və 10 min əsgərini, əsir götürülmüş ingilis ordusunu xilas etməyə gələn ingilis birlikləri isə 30 min nəfər hərbçisini itirib. Bu döyüş İngiltərə Silahlı Qüvvələrinin tarixində ən biabırçı hadisə kimi tarixə düşür. İngilis tarixçisi Ceyms Morris Kut əl-Amare hadisəsini «Britaniya hərb tarixində ən aşağı şərtlə təslim» kimi xarakterizə edib. Xəlil Paşa 15 sentyabrda Bakıya daxil olan ilk türk generalı kimi adını tarixə yazıb. Xəlil Paşa Bakı əməliyyatının planını bilavasitə çəkən şəxslərdən olmaqla yanaşı, Azərbaycan Ordusunun ilk hərbi məktəbinin yaradılmasına dəstək verən şəxslərdəndir.

Bakı soyadlı Bakı xilaskarı – Mürsəl Paşa

Azərbaycan paytaxtının adını özünə soyad seçmiş general-leytenant Mürsəl Paşa 1918-ci ilin sentyabr ayında Qafqaz İslam Ordusunun Bakının işğaldan azad edilməsi əməliyyatına bilavasitə rəhbərlik edib. Əslən Ərzrumdan olan Mürsəl Paşa həm Birinci Dünya Müharibəsi, həm Azərbaycan, həm də Qurtuluş Savaşında orduda önəmli vəzifələr tutub. Mürsəl Paşa Azərbaycana 1918-ci ilin iyun ayında 257 zabit və 5575 əsgərlə Ermənistandan keçməklə gəlib.

Müharibədən sonra ingilislər tərəfindən həbs edilərək Malta adasına sürgün edilən Mürsəl Paşa az sonra Anadoluya dönərək Qurtuluş Savaşına qatılıb. Komandanlıq etdiyi 1-ci süvari briqadası ilə İzmirə girən ilk türk generalı olub. Müharibədən sonra Türkiyə Silahlı Qüvvələrində ordu korpusuna rəhbərlik edib və Şeyx Səid üsyanının yatırılmasında rolu olub.

Türkiyənin 11-ci müdafiə naziri və Bakının ilk qarnizon rəisi

Türkiyə Cümhuriyyətinin 1946-1947-ci illərdə 11-ci müdafiə naziri olmuş Cəmil Cahid Toydəmir Bakının erməni-daşnak işğalından azad edilməsində mühüm rol oynamış Osmanlı zabitlərindəndir. Əslən Qafqaz türklərindən (çərkəz) olan Cəmil Cahid bəy Birinci Dünya Savaşına qatılıb. Daha sonra Yusif İzzət Paşanın komandanlığında, briqada komandiri olaraq Azərbaycan və Şimali Qafqaz uğrunda döyüşlərdə iştirak edib. Qurtuluş Savaşı dönəmində 10-cu briqadanın komandanı olaraq qərb cəbhəsində savaşıb.
Müxtəlif dövrlərdə korpus komandiri, Jandarma Baş Komandanı, müdafiə naziri və millət vəkili olub. 1918-ci ildə polkovnik rütbəsində, briqada komandiri vəzifəsində Azərbaycana gələrək döyüşlərə qatılan Cəmil Cahid Toydəmir 15 sentyabr 1918-ci ildə işğaldan azad olunmuş Bakı hərbi qarnizonunun ilk rəisi təyin edilib. Az sonra Azərbaycan Ordusunun 1-ci briqadasının komandanı vəzifəsində Qarabağa göndərilən Cəmil Cahid Toydəmir 1919-cu ilin ortalarınadək Şuşada xidmət edib.

Unudulmuş komandir – Süleyman İzzət Yeğin

Bəlkə də çoxlarının adını duymadığı, kimliyindən xəbərsiz olduğu Süleyman İzzət Yeğin Bakının erməni-daşnak işğalından azad edilməsində önəmli yer tutmuş və bilavasitə bu savaşı içindən idarə etmiş türk zabitlərindəndir. O, eyni zamanda Şimali Qafqaz Respublikasının qurulmasında önəmli rol oynayıb. Dağıstandakı Osmanlı qüvvələrinə komandanlıq edib.

Polkovnik-leytenant rütbəsində olan Birinci Dünya Savaşına qatılan Süleyman İzzət bəy Avropada Bolqarıstan-Rumıniya cəbhəsində döyüşüb. Onun komandanı olduğu 15-ci piyada briqadası 9-cu ordu komandanının 27 avqust 1918-ci ildə verdiyi əmrlə Gümrü-Qarakilsə bölgəsindən Azərbaycana yola düşüb. Sentyabrın əvvəllərində Bakı ətrafına – Masazıra yerləşən Süleyman İzzət bəyin komandasındakı birliklər Bakını Xırdalan-Binəqədi-Maştağa-Hövsan istiqamətindən mühasirəyə alır. Qeyd olunan istiqamətlərdə döyüşlərin əsas ağırlığını üzərinə götürərək sentyabrın 11-dən hücumlara başlayır.

Xatirələrində 15 sentyabr son hücum əməliyyatlarını S. İzzət belə yazır: “Qafqaz İslam Ordusunun hücum əmri olduğundan ayrıca bir əmr gözləmədən, sabahkı hücum əməliyyatı üçün briqadaya aşağıdakı əmri verdim:
1) Sabah hücum əməliyyatı davam etdirilərək Bakı azad olunacaq.
2) 5-ci Qafqaz briqadasının sol qanadı Ermənikəndin cənubundan keçib hücumla şəhərin qərb hissəsini azad edəcək. 15-ci piyada briqadası buranın zəbtindən sonra Bakı istiqamətində bir piyada alayı və iki dağ topu batareyası saxlayacaq; digər bütün birliklərini Xırdalan 121- Bakı yolunun iki tərəfindən toplayacaq.
3) 15-ci piyada briqadası sağ qanadı ilə Ermənikənddən keçib briqadaya ayrılan Bakının bu hissəsinin mühafizəsi üçün bir piyada alayı ilə bir dağ topu batareyası ayrılacaq. Qalan qüvvələr şəhərin xaricində ehtiyatda saxlanılacaq.
4) 15 sentyabr sabahı gün doğarkən topçu hazırlıqlarından sonra birliklər bu şəkildə hərəkət edəcəklər: a) 107-ci alay sağ qanadda Ermənikənddən keçərək dəmir yolu xəttinin iki tərəfində limana qədər bütün binaları: b) 38-ci alay 107-ci alayın solunda irəliləyərək Qara şəhər mərkəz hissəsini sahilə qədər ələ keçirəcək. c) Minbaşı Tevfik Müfrezesi Sabunçudan Bakıya gələn dəmir yolu ilə irəliləyib Keşləni zəbt edərək orada qalacaq. D) Minbaşı Zihni Müfrezesi Bakı-Əhmədli istiqamətində irəliləyərək Bakının şərq qismini zəbt edəcək.
5) Sabah tezdən Biləcəriyə bir zirehli qatar gələcək və birliklərimizlə birgə Keşləyə girəcək.
6) Şəhərin azad edilməsindən sonra alaylar onlara ayrılan bölgələrdəki bəlli əsas yol və meydanları gərək olduqda atəş altına ala bilmək üçün uyğun yerlərə pulemyotlar yerləşdirəcəklər.
7) Birliklərin dağılmalarına və şəhəri yağmalamalarına qətiyyət icazə verilməyəcək.
8) Birliklər son hədəflərinə çatdıqda əmr zabitləri əmr almaq üzə yanıma göndəriləcəklər.
9) Briqada qərargahı hələlik Biləcərinin cənubundakı boyun nöqtəsindədir.
15-ci piyada briqadası komandanı Süleyman İzzət”
Sentyabrın 15-i Bakıya son hücumda S. İzzətin briqadasına daxil olan 38-ci alay Ermənikənd döyüşündə çox sayda əsir, 2 ədəd uzun mənzilli tüfəng, 8 səhra və 2 dağ topu və 2 təyyarəni qənimət olaraq ələ keçirib. Saat 15:00-da isə 38-ci alay Qara şəhərin mərkəz hissəsinə daxil olub. Burada düşmənin 2 zabiti və 80 əsgəri əsir alınır, 800 tüfəng və 6 pulemyot qənimət götürülüb.

Və bu gün…

Müstəqilliyini ikinci dəfə elan etdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin zabitlərinin böyük əməyi olub. 1992-ci ilin ortalarından etibarən Türk zabitləri Azərbaycan Ordusunun hazırlanmasında, təminat və təchizatında önəmli rol oynayıblar.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil müəssisələrində, ordu birləşmələrində onlarla türk zabiti çalışmaqdadır. Son olaraq cari ilin iyul ayında Bakı və Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdiyi taktiki təlimlər 95 il sonra qardaş ölkələrdən düşmənlərə bir daha “göz dağı” oldu.

Rəşad Süleymanov

Qeyd: Yazı Azərbaycan Mətbuat Şurası ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Qafqaz İslam Ordusu-95” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.