05/07/2018 17:47

Təlimlərdə gecə vaxtı döyüş atışları keçirilib – VİDEO

Genişmiqyaslı təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib. Bu mərhələdə qoşunlar şərti düşmənin bütün hədəflərini məhv edərək tapşırıqları uğurla icra ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Gecə vaxtı və məhdud görmə şəraitində keçirilən təlimlərdə iştirak edən motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, eləcə də aviasiya vasitələri döyüş atışlarını dəqiq və peşəkarlıqla yerinə yetiriblər.

Qeyd edək ki, 20 min nəfər şəxsi heyətin iştirak etdiyi təlimdə, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatları yerinə yetirilməklə, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqlar, radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra edilir.

Qeyd edək ki, təlimlərə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş “Polonez” uzaq mənzilli yaylım atəşli reaktiv sistemləri və LORA operativ-taktiki raket kompleksləri cəlb olunub. Təlimlər iyul ayının 6-dək davam edəcək.