17/05/2017 16:09

“Tetraedr” şirkəti tərəfindən modernizə edilmiş S-125 ZRK-nin sınaqları yekunlaşıb

Belarusun “Tetraedr” şirkəti tərəfindən Azərbaycan Silahlı Qüvvələrində modernizə edilmiş S-125-2TM zenit raket komplekslərinin sınaqları uğurla yekunlaşıb.

Bu barədə “AzeriDefence” “Tetraedr” şirkətinin saytına istinadən məlumat verib.

“Tetraedr” şirkəti əsaslı təmir bərpa işləri zamanı S-125M zenit-raket kompleksini modernizə etməklə yanaşı 5V27 idarə olunan zenit raketlərinin texniki yararlıq müddətinin uzadılması istiqamətində işlər həyata keçirib .

S-125-2TM  “Peçora-2TM” zenit raket kompleksi ən çətin şəraitdə müasir hava vasitələri ilə mübarizə üçün nəzərdə tutulmuş yüksək effektivli kompleksdir. Raket kompleksinin effektiv təsir məsafəsi 25, maksimal uçuş məsafəsi isə 36 kilometrdir. Modernizə edildikdən sonra həmçinin zenit-raket kompleksinin çevikliyi də yüksəldilib.

Sınaqlar Azərbaycan-Türkiyə təlimləri zamanı həyata keçirilib və kompleks döyüş növbətçiliyinə qəbul edilməsi üçün sifarişçiyə təhvil verilib.